AZ

Ermənistanda siyasi gərginlik davam edir

Paşinyan “xarici təsir agentləri” prosesini başladacaq

Ermənistandakı daxili siyasi vəziyyət hələ də öz gərginliyi ilə seçilir. Baş nazir Nikol Paşinyanın kilsəyə “elan edilməmiş müharibə”si müəyyən mərhələlərlə hələlik səngisə də, bitməyib.

Daha doğrusu, Paşinyan revanşist-kilsə birliyinə qarşı yeni “həmlələr” hazırlayır.

Çıxış yolu - yeni qanun...

Məsələn, erməni baş nazirin ölkədə “xarici təsir agentləri”nə qarşı yeni qanun mexanizmlərinin hazırlanmasının vacibliyinə toxunması bunu deməyə əsas verir. Diqqət yetirsək, Paşinyanın 2026-cı il seçkilərində özü üçün potensial təhlükə saydığı kilsə-revanşist qruplaşmasının bütün tərəfləri əsasən xaricdə məskunlaşmış, daha çox Rusiyada kök salmış erməni diasporunun maliyyəsi ilə ayaq üstə durur. Məsələn, Ermənistan Apostol Kilsəsini müdafiə edən Samvel Karapetyan birmənalı şəkildə Rusiya maraqlarının müdafiəçisi sayılır. Köçəryan-Sarkisyan cütlüyü haqda isə nə isə əlavə fikir bildirməyə ehtiyac qalmır - hər iki eks-prezidentin Rusiyanın “kadrları” olması sirr deyil. Paralel olaraq Erməni Apostol Kilsəsinin də əsas qazanc mənbəyi məhz xaricdən gələn pullardır. Bu baxımdan, Paşinyanın iyunun 30-da Milli Təhlükəsizlik Xidmətinin kollektivinə yeni rəhbər Andranik Simonyanı təqdim etdiyi zaman bildirdiyi fikirlər birmənalı qarşılana bilməz. Paşinyan xüsusi vurğulayıb ki, Ermənistan artıq terrorizmə meyilli fəaliyyətlərin və konstitusiya quruluşunu devirməyə cəhdlərin qarşısını almaqda irəliləyiş əldə edib. Ancaq onun fikrincə, bu, kifayət deyil. Nikol Paşinyan deyib ki, indi əsas təhlükə hüquqi cəhətdən cəzalandırıla bilməyən, lakin faktiki olaraq ölkənin müstəqilliyinə və suverenliyinə zərbə vurmağa çalışan “təsir agentləri”dir: “Onlar Ermənistan xalqının öz gələcəyini müəyyən etmək hüququnu şübhə altına alan ideyalar yayırlar”.

Baş nazir əlavə edib ki, uzun illərdir Ermənistan “başqa ölkələrdə mümkün olmayan hallar”a dözümlü yanaşıb. Misal üçün, Ermənistan vətəndaşlığı olmayan xarici şəxslər ölkənin daxili siyasətinə açıq şəkildə müdaxilə edərək radikal bəyanatlar verə bilirlər.

Beləliklə də aydın olur ki, Paşinyan ilk növbədə revanşist-kilsə birliyinin maliyyə qaynaqlarını kəsməyi, daha sonra isə onları tam olaraq siyasi səhnədən silməyi planlaşdırır.

Kilsə nümayəndələrinin həbsi davam edir...

Paralel olaraq isə “kilsə çevrilişçiləri” əməliyyatı davam edir. Bəlli olduğu kimi, iyunun 27-də arxiyepiskop Mikael Acapaxyan həbs olunub. Onun barəsində 10 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. Keşiş 2024-cü ilin aprelində ona qarşı irəli sürülmüş maddələrlə ittiham olunur. Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının başçısına qarşı Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi ilə ittiham irəli sürülüb. O, “KİV vasitəsilə hakimiyyətin zorakı yolla ələ keçirilməsinə” və “konstitusiya quruluşunun devrilməsinə” çağırışda şübhəli bilinərək saxlanılıb.

Xatırladaq ki, iyunun 26-da isə İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi “Daşnaksütyun” Partiyası rəhbərliyinin nümayəndəsi İqor Sarkisyanın iki ay müddətinə həbsi barədə qərar qəbul edib. Daha əvvəl məhkəmə İstintaq Komitəsinin vəsatətinə əsasən, arxiyepiskop Baqrat Qalstanyana qarşı iki aylıq həbs-qətimkan tədbiri seçib. Ona qarşı Ermənistan Cinayət Məcəlləsinin “terrorizm” və “hakimiyyətin qəsb edilməsi” maddələri ilə ittiham irəli sürülüb. İstintaq Komitəsində hesab edirlər ki, Qalstanyanın rəhbərlik etdiyi “Müqəddəs mübarizə” hərəkatı ölkədə terror aktlarının törədilməsinə və hakimiyyətin ələ keçirilməsinə yönəlmiş fəaliyyətlər planlaşdırıb. Bu iş çərçivəsində daha 15 nəfər təqsirləndirilir.

Makronun “dəstəyi”...

Baş verənlərdə ən maraq doğuran məsələlərdən biri də ermənilərin xaricdə, xüsusilə Fransada yaşayan diaspor üzvlərinin bu mövzuya sükutla yanaşmasıdır. Erməni kilsəsini illərlə özünün kəşfiyyat orqanı kimi işlədən Fransa dövləti belə Paşinyanın hərəkətlərinə nəinki susur, hətta dəstək verir. Məsələn, Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığından sonra özünün X (keçmiş Twitter) hesabında paylaşım edib. Fransa prezidenti paylaşımında İrəvan hökumətinə açıq dəstəyini ifadə edib: “Mən Paşinyana bildirdim ki, Fransa erməni demokratiyasını qorumaq uğrunda mübarizədə Ermənistan hökuməti ilə həmrəydir”.

Makron həmçinin Ermənistan baş nazirinin Azərbaycanla sülh prosesinə və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına yönəlmiş fəaliyyətinə xüsusi diqqət çəkib: “Mən onun Azərbaycanla sülhə nail olmaq və Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün göstərdiyi cəsarətli səyləri dəstəklədiyimizi bir daha təsdiqlədim”.

Fransa prezidenti əlavə edib ki, sülh və açıq sərhədlər təkcə region üçün deyil, daha geniş coğrafiya üçün də mühüm hadisə və örnək olacaq.

Bəli, Makronun görüşlə bağlı yazdığı sətirlərin ikinci və üçüncü abzasının açması Parisin həm başqa çıxış yolunun olmamasından, həm də artıq reallıqla barışmasından irəli gəlir. Makron anlayır ki, Fransa “ermənidən betər erməni” mövqeyini davam etdirməklə regionda hər hansı bir əlaqə formalaşdıra bilməyəcək. Tam əksinə, onsuz da inkişaf edən iqtisadi-ticari prosesdən kənarda qalacaq. Makronun sülh prosesini, Türkiyə ilə sərhədlərin açılması məsələsini önə çəkməsi də buradan qaynaqlanır. O ki qaldı, “erməni demokratiyasını qorumaq uğrunda mübarizədə” dəstəyinə, bu da təbii qarşılanmalıdır. Kilsənin son dövrlərdə Paşinyana qarşı məhz Rusiyanın nəzarətində olan siyasi qüvvələrlə birləşməsi Fransanın da maraqlarına uyğun gəlmir. 2026-cı ildə revanşistlərin Paşinyana qalib gəlməsi həm də Parisin Ermənistan üzərindən olan planlarının “suya düşməsi” demək olacaq. Bu baxımdan, Paris hazırda Paşinyanı sülhə tərəf “yönləndirir”...

SADİQ

Seçilən
24
32
yeniazerbaycan.com

10Mənbələr