AZ

Buğdanın sahibkardan alış qiyməti niyə ucuzlaşır?

2022-ci ildə bu rəqəm 580, 2023-cü ildə 450, 2024-2025-ci illərdə isə 400 manat müəyyənləşib - səbəblər...

Nazirlər Kabineti Azərbaycanda 2025-ci il üçün ərzaqlıq buğdanın dövlət tədarük qiymətini 1 ton üçün 400 manat müəyyən edib. Bununla bağlı baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb. Sərəncamdan aydın olur ki, göstərici 2024-cü illə müqayisədə eynidir.

Xatırladaq ki, Prezident İlham Əliyevin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 19 iyul 2022-ci il tarixli fərmanına görə, əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödənilir.

Fərmana əsasən, 2022-ci ildən etibarən dövlətin Taxın Fonduna alınan buğdanın qiyməti xaricdən idxal olunan məhsulun dəyərinə əsasən və ondan yuxarı həcmdə müəyyən olunur. 2022-ci ildə - dünya ərzaq, o cümlədən buğda qiymətlərə rekord həddə çatanda bu rəqəm 580 manat müəyyən edilmişdi. 2023-cü ildə 450 manata, 2024-cü ildə isə 400 manata endirildi.  

Məlumdur ki, Azərbaycan strateji məhsul olan buğda təminatında idxaldan böyük ölçüdə asılı ölkələrdən biridir. Hər il ərzaqlıq buğdaya olan tələbatı təmin etmək üçün xaricdən 1,2-1,3 milyon ton məhsul idxal olunur. 2022-ci il qlobal ərzaq böhranından sonra Azərbaycan hökuməti ölkədə ərzaqlıq buğda istehsalını tələbatın ərzaq təhlükəsizliyinin təmin olunması üçün lazım olan 75 faizlik həddinə qədər artırmaq üçün addımlar atıb. Belə addımlardan biri Prezidentin 2022-ci il iyul fərmanıdır. Lakin fərmanla tətbiq olunan stimullaşdırma tədbirlərindən sonra da ərzaqlıq buğda təminatında yerli istehsalın payının artması müşahidə olunmayıb. 2024-cü ildə 546,3 min hektar sahədən 1 milyon 685,7 min ton buğda yığılıb. Buğdanın məhsuldarlığı 30,9 sentner olub. 2023-cü ildə ölkədə 542,8 min hektar sahədən 1 milyon 833,9  min ton buğda yığıldığını, orta məhsuldarlığın 33,8 sentnerə bərabər olduğunu nəzərə alsaq, ötən il buğda yığımının 8 faiz, məhsuldarlığın isə 8,6 faiz azaldığını görərik.

Rəsmilərin açıqladığı məlumata əsasən, Azərbaycanda 2022-2023-cü illərdə 28 təsərrüfatla 22,6 min hektar, 2023-2024-cü illərdə isə 26 təsərrüfatla 23,8 min hektar ərazidə ərzaqlıq buğda istehsalına dair müqavilələr bağlanıb. Hazırda Azərbaycanda tətbiq edilən pivot suvarma sistemləri cəmi 60 min hektar ərazidə istifadə olunur ki, bu da ölkənin ərzaqlıq buğda tələbatını ödəmək üçün yetərli deyil. 2023-cü ildə Azərbaycanda müasir suvarma sistemi olan sahələr cəmi 98,5 min hektar təşkil edib. Bu, 1,5 milyon hektarlıq ümumi əkin sahələrinə nisbətdə çox cüzi bir göstəricidir. Hesablamalara görə, 150 min ha sahədə müasir suvarma sistemi və texnologiyaların tətbiq olunması ilə buğda yetişdirməklə, Azərbaycanda ərzaqlıq buğda təminatını ərzaq təhlükəsizliyini təmin edəcək səviyyəyə çatdırmaq mümkündür.

2024-cü ilin iyununda Azərbaycan hökuməti bu məqsədə çatmaq üçün növbəti dəstək mexanizmini işə salıb. Belə ki, Nazirlər Kabineti ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi qaydasını təsdiqləyib. Qaydanın tətbiqi müasir suvarma sisteminin alınmasına özəl bankların vəsaitlərinin cəlb olunasına imkan verəcək. Belə ki, qaydaya uyğun olaraq sahibkarlıq subyektlərinə veriləcək 280 (iki yüz səksən) milyon manat kredit portfeli 168 (yüz altmış səkkiz) milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilir. Dövlət zəmanəti Maliyyə Nazirliyi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi arasında bağlanılan “Ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə Çərçivə Zəmanət Sazişi” əsasında verilir.

Rəsmi statistikadan aydın olur ki, 2024-cü ilin payızında 2025-ci il məhsulu üçün 505,5 min hektar sahədə payızlıq buğda əkilib. Bu, 15,5 faiz azalma deməkdir. Bu ilin yazında isə buğda səpini ötən ildəkindən 3,9 dəfə artırılaraq 3 736,4 hektara çatdırılıb. Lakin bu artımla da ölkədə buğda əkinlərinin illik azalmasının qarşısı alınmayıb.

Maraqlıdır ki, DSK bu ilin may ayı üçün kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksinin aprel ayına nisbətən 0,2 faiz azaldığını, lakin ötən ilin mayı ilə müqayisədə 9,6 faiz yüksək olduğunu hesablayıb. Bu zaman bitkiçilik məhsullarının istehsalçı qiymət indeksi aylıq olaraq 1,4 faiz azalsa da, illik ifadədə 8,7 faiz artıb. Bitkiçilik məhsullarının istehsalçı qiymət indeksindəki azalmanın hansı amillərin hesabına baş verdiyi açıqlanmır. Lakin illik ifadədə istehsalçı qiyməti artırsa, demək, buğdanın alış qiymətində də artım olmalıydı. Bunun əvəzinə qiymətin dəyişməz saxlanması yerli istehsalçıların buğda əkininə marağının daha da azalmasına gətirib çıxaracaq amildir.

Yeri gəlmişkən, DSK-nın məlumatına görə, 2025-ci ilin may ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 376,30 manat təşkil edib. Apreldə bu göstərici 380,46 manat, martda 386,51 manat, fevralda 384,66 manat, yanvarda isə 387,80 manat olub. Ötən ilin mayında isə idxal olunan buğdanın 1 tonuna çəkilən xərc 367,31 manat təşkil etmişdi. Yəni faktiki olaraq, buğdanın idxal qiyməti də artıb. Bu artım bilavasitə idxal ölkəsinin dəyişməsi ilə bağlıdır. Belə ki, ötən ilin son aylarında etibarən Azərbaycan buğda idxalında üstünlüyü Qazaxıstana verməyə başlayıb.

Qeyd edək ki, uzun illər boyu Azərbaycanın buğda idxalının 70 faizə qədəri Qazaxıstandan, qalanını Rusiyadan reallaşıb. Lakin 2014-2015-ci illərdən etibarən ağırlıq Rusiyaya salınıb: idxalın 90 faizə qədəri Şimal qonşudan reallaşıb. O cümlədən 2021-ci ildə Azərbaycanın buğda idxalında Rusiyanın payı 97 faiz, 2022-ci ildə 78 faiz, 2023-cü ildə  84 faiz təşkil edib. Ötən il Rusiyadan 249 milyon 604,95 min dollar dəyərində 1 milyon 160 min 605,24 ton, Qazaxıstandan isə 27 milyon 379,07 min dollar dəyərində 125 min 316,36 ton ərzaqlıq buğda almışıq. Bu, müvafiq olaraq ümumi idxalda 90,3 faiz  və 9,7 faiz deməkdir. Maraqlıdır ki, ötən ilin oktyabrına qədər Azərbaycan Qazaxıstandan bir kiloqram belə buğda idxal etməmişdi. İdxal oktyabrdan başlayıb.

Bu ilin iyununda Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel kənd təsərrüfatı sektorunun nümayəndələri ilə görüşdə bildirib ki, Azərbaycanın buğda idxalında Qazaxıstanın payı rekord həddə çataraq 88 faiz təşkil edib. Onun sözlərinə görə, bu ilin yanvar-may aylarında Qazaxıstan Azərbaycana 450 min ton taxıl ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 86 faiz çoxdur: “Bu həcmdə taxılın dəyəri 95 milyon ABŞ dolları olub”.

O qeyd edib ki, Azərbaycanın buğda idxalında Qazaxıstanın payının artması iki ölkənin müvafiq strukturlarının əlaqələndirilmiş işi sayəsində mümkün olub. Bununla yanaşı, ötən il Qazaxıstanın Bakıdakı səfirliyində kənd təsərrüfatı forumu təşkil olunub.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-aprelində idxal olunan 90 milyon 285,35 min dollarlıq 418 min 350,15 ton buğdanın 75 milyon 719,12 min dollarlıq 358 min 507,96 tonu Qazaxıstandan, 14 milyon 566,23 min dollarlıq 59 min 842,19 tonu Rusiyadan alınıb.  Beləliklə, buğda kimi strateji məhsulun idxalında Rusiya kimi etibarsız tərəfdaşın, qeyri-sağlam niyyətli qonşunun payının minimuma endirilməsi müsbət faktdır.

Dünya bazarında buğda qiymətlərinin ucuzlaşması baş verir. Bu isə o deməkdir ki, Azərbaycanın bu məhsulla təminatında problem olmayacaq. Belə ki, BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) hesablamalarına əsasən, 2025-ci ilin may ayında qlobal bazarlarda taxıl məhsullarının qiymət indeksi 109.0 bənd təşkil edib. Bu, aprel ayına nisbətən 2.0 bənd (1.8 faiz), ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.7 bənd (8.2 faiz) azalma deməkdir. FAO bildirir ki, taxıl məhsullarının qiymət indeksinin azalmasının əsas səbəbləri Amerikada rekord məhsuldarlıq, Argentina və Braziliyada davam edən məhsul yığımından artan mövsümi mövcudluq, yüksək rəqabət fonunda qarğıdalı qiymətinin azalması, qlobal tələbatın azalması və şimal yarımkürəsində məhsul şəraitinin yaxşılaşması fonunda buğda qiymətinin, həmçinin sorqo və arpa qiymətinin ucuzlaşmasıdır.

Belə qiymətlər fonunda daxili bazarda buğda məhsullarının qiymətində hər hansı bahalaşma, süni və inhisarların əlavə gəlir istəyinin nəticəsi hesab oluna bilər. Yeri gəlmişkən, Azərbaycan Nazirlər Kabineti strateji əhəmiyyətli malların monitorinqi qaydası və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarlarını təsdiqləyib. Yeni qaydaya əsasən strateji əhəmiyyətli malların monitorinqi dövlət ehtiyatları üzrə məsul orqan - Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi tərəfindən həyata keçirilir.

Monitorinqin məqsədi ölkənin strateji əhəmiyyətli mallarla təchizat dayanıqlığının təmin edilməsi üzrə vəziyyətin öyrənilməsi və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin qarşısının alınması istiqamətində tədbirlər görülməsinin zəruriliyinin qiymətləndirilməsidir.

Monitorinq Dövlət Statistika Komitəsinin məlumatları,  internet resurslarından və mediadan əldə edilən məlumatlar, həmçinin bazar iştirakçılarından əldə edilən məlumatlar əsasında aparılacaq.

Bu addım süni qiymət artımlarının qarşısını almağa yönəlib.

Dünya SAKİT,
“Yeni Müsavat”

Seçilən
26
34
musavat.com

10Mənbələr