AZ

Ənənəyə qanuni sərhəd: Qohum nikahları artıq qadağandır

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən, 2025-ci il iyulun 1-dən etibarən əmi, dayı və xaladan olan uşaqlar arasında nikah rəsmən qadağan olunur. Bu qərar qohum evliliklərinin qarşısının alınması üçün mühüm bir addım kimi qiymətləndirilə bilər. Qərarın ən önəmli müsbət təsirlərindən biri gələcək nəsillərin sağlamlığının qorunmasıdır. Çünki tibb elminin gəldiyi nəticələrə əsasən, qohumlar arasında bağlanan nikahlar talassemiya, hemofiliya, xromosom pozğunluqları kimi genetik xəstəliklərin riskini əhəmiyyətli dərəcədə artırır. Statistik göstəricilər də bunu təsdiqləyir: qohum nikahlarında bu risk 4–8% təşkil etdiyi halda, qeyri-qohum nikahlarda 2–4% aralığında olur”.

Bu fikirləri AzNews.az-a açıqlamasında sosioloq Nailə İsmayılova deyib.

Xatırladaq ki, iyulun 1-dən etibarən Azərbaycanda qohumlar arasında nikahlar rəsmən qadağan edilib. Yeni qanun ictimaiyyətdə birmənalı qarşılanmayıb. Bəzi vətəndaşlar bu qərarı müsbət və hətta gecikmiş addım kimi dəyərləndirirlər. Digərləri isə dövlətin ailə münasibətlərinə müdaxiləsini uyğun hesab etmir. Qohum nikahlarını “ənənənin bir hissəsi” kimi qəbul edənlər düşünürlər ki, bu qadağa praktikada ciddi dəyişikliklər yaratmayacaq və bu cür evliliklər qeyri-rəsmi şəkildə davam edəcək.

Sosioloq bildirib ki, yeni qanun sağlam nəslin formalaşmasına və genefondun qorunmasına mühüm töhfə verə bilər.

“Qanunun sosial-iqtisadi aspektlərinə gəlincə, ən mühüm təsirlərdən biri də ailələrin və dövlətin üzərindəki böyük maliyyə və psixoloji yükün azalması ilə bağlıdır. Genetik xəstəliklər daşıyan uşaqların uzunmüddətli müalicəsi və sosial təminatı həm ailələr, həm də dövlət üçün əlavə yük formalaşdırır. Bu baxımdan, yeni qadağa həm iqtisadi, həm də sosial baxımdan faydalı nəticələr vəd edir. Qeyd etmək lazımdır ki, uzun illərdir erkən nikahlar və qohum evliliklərinin qarşısının alınması istiqamətində həm dövlət qurumları – xüsusilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həm də qeyri-hökumət təşkilatları tərəfindən maarifləndirmə işləri aparılır. Son illər bu istiqamətdə məlumatlandırıcı layihələr daha da genişləndirilib. Digər vacib məsələ nikah yaşının artırılması və 16 yaşdan aşağı nikahların qarşısının alınması üçün hüquqi tədbirlərin görülməsi ilə bağlıdır. Əgər bu tədbirlər uğurla həyata keçirilərsə, yeniyetmələrin əqli və fiziki sağlamlığının qorunmasına daha da ciddi zəmin yaranacaq. Şəxsi fikrim odur ki, bu qanunun mənfi tərəfləri ilə bağlı ciddi narahatlıq yoxdur. Lakin ehtimal var ki, qadağadan yayınmaq istəyən şəxslər hüquqi statusu olmayan gizli ailələr qurmağa çalışsınlar. Belə hallarda isə qeyd edilməlidir ki, qeyri-rəsmi nikahların heç bir hüquqi müdafiəsi yoxdur və bu da cütlüklər üçün ciddi risklər yarada bilər”.

Sosioloq əlavə edib ki, eyni zamanda cəmiyyətin bir qismi bu qərarı ailə qurmaq azadlığına müdaxilə kimi də dəyərləndirə bilər:

“Bu isə bəzi hallarda sosial qütbləşməyə və etirazlara səbəb ola bilər. Buna görə də həm maarifləndirmə işləri gücləndirilməli, həm də ictimai rəyə həssas yanaşılmalıdır. Nəticə etibarilə nikbinliklə qeyd etmək olar ki, əgər qəbul olunan hər bir qərar insan sağlamlığını və cəmiyyətin rifahını hədəfləyirsə, biz də bu istiqamətdə həmrəylik nümayiş etdirməliyik. Sağlam cəmiyyətin və güclü genefondun formalaşması üçün belə qanunların tətbiqi və effektiv icrası vacibdir. Uğurlu nəticələr əldə etmək üçün isə sosial maarifləndirmənin genişləndirilməsi, hüquqi boşluqların aradan qaldırılması və icra mexanizmlərinin gücləndirilməsi olduqca önəmlidir”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Seçilən
20
11
aznews.az

10Mənbələr