AZ

Rusiya-Azərbaycan gərginliyinə səbəb nədir? - "Kreml uğurlarımızı həzm edə bilmir"

"Azərbaycanla Rusiya arasındakı  münasibətlərin son dövrlər gərgin mərhələyə keçməsinin bir sıra ciddi səbəbləri var". 

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bunun birinci səbəbi Kremlin Azərbaycanın müstəqil siyasət yürütməsini həzm edə bilməməsidir:

"Ümumiyyətlə, başda Rusiya olmaqla, bəzi qüvvələr Azərbaycanın İkinci Qarabağ müharibəsindəki tarixi qələbəsi və antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə Cənubi Qafqazda yaranan yeni reallıqları qəbul edə bilmir. Bəzi dövlətlər bunu açıq şəkildə bəyan edirlər, bəziləri isə dolayı yolla biruzə verirlər. Rusiya tərəfinin də mövqeyinin bununla bağlı olduğunu düşünürəm".

376981

Ekspert qeyd edib ki, Rusiya əsrlər boyu olduğu kimi yenə də imperialist siyasət yürüdür:

"İndi isə ölkəmizin müstəqil siyasət aparması onları narahat edir. Ümumiyyətlə, Kreml hər zaman regionda qarşıdurma yaratmaqla Azərbaycanı zəiflətməyə çalışıb. 

Onların hədəfi hər zaman ölkəmizi zəiflətmək olub. Amma 44 günlük Vətən müharibəsindəki qələbəmiz bu planları pozdu. Üstəlik, Azərbaycanın dünyadakı nüfuzu artır. Eyni zamanda, ölkəmiz Cənubi Qafqazın lider dövləti kimi də hər zaman diqqət mərkəzindədir. Bütün bunlar isə bir sıra qüvvələri narahat edir".

Həmsöhbətimiz onu da vurğulayıb ki, Azərbaycan həmişə beynəlxalq aləmdə baş verən proseslərdə birmənalı mövqe ortaya qoyur:

"Bu mövqə də həmişə beynəlxalq hüquqdan yana olur, haqqa və ədalətə söykənir. Məsələn, Rusiya-Ukrayna müharibəsində Azərbaycan həmişə Ukraynanın ərazi bütövlüyündən yana olduğunu açıq şəkildə bəyan edib. Bütün bunlar isə Rusiyanın Azərbaycana qarşı belə adımlarının atılmasına gətirib çıxarır. 

Ümumiyyətlə, Rusiya ilə Azərbaycan arasında münasibətlərinin pisləşməsinə gətirib çıxaran adımların hamısı Moskvadan qaynaqlanır. Azərbaycan ərazilərinin 30 ilə yaxın işğalda saxlanılmasına qədər keçən o proseslərdə də Rusiyanın özünəməxsus rolu olub. Hansı ki, bu da uzaq tarix deyil. Hətta ötən ilin 25 dekabr tarixində AZAL təyyarəsinin Rusiya ərazisində vurulmasını da unutmaq olmaz. Təəssüflər olsun ki, qarşı tərəf indiyə qədər təyyarənin vurulmasına məsul olan şəxslərlə bağlı heç bir adım atmır".

X.Bəşirov diqqətə çatdırıb ki, Rusiya Azərbaycanın uğurlarını həzm edə bilmir:

"Azərbaycan ərazisində "Rus Evi"nin və saytlarının qanunsuz fəaliyyəti ilə bağlı addımları gördük. Həmçinin, ölkəmizdə kiberhücumların təşkil edilməsi ilə bağlı Rusiyadan qaynaqlanan addımların da şahidi olduk. Ən son da Yekaterinburqda Azərbaycan vətəndaşlarına qarşı seriya xarakterli qanunsuzluqlar edildi, soydaşlarımızın vəhşicəsinə döyülərək öldürüldü. 

Üstəlik, hüquq-mühafizə orqanlarının Azərbaycan vətəndaşlarına qarşı ən ağır cinayəti törədən terrorçulara belə olunmayan hərəkətləri etdiklərini gördük. Azərbaycan vətəndaşlarının öldürülməsi, digərlərinin isə qanunsuz olaraq həbs edilməsi Rusiyanım Azərbaycanın mövqeyini qəbul edə bilmədiyini ortaya qoyur".

Mütəxəssis hesab edir ki, Rusiya yürütdüyü siyasət və Ukrayna müharibəsini başlatmaqla özünü beynəlxalq aləmdə təcrid edilmiş bir vəziyyətə salıb:

"Rusiyaya siyasi, iqtisadi, diplomatik, mədəni, idman və bütün digər istiqamətlərdə sanksiyalar tətbiq edilib. Əslində, bu gün Azərbaycan Rusiyaya hava və su kimi lazımdır. Onlar, bunu dəyərləndirmirlərsə, öz problemləridir. 

Ancaq Azərbaycan dövlətinə və vətəndaşına qarşı istənilən addıma layiqli cavab verir, bundan sonra da verəcək. Azərbaycan dövləti üçün vətəndaşının həyatı və sağlamlığı hər şeydən öndədir. Əgər Moskva hakimiyyəti ölkəmiz əleyhinə atdığı skandal addımlarını və siyasətini düzəltməsə, rəsmi Bakı da hər zaman olduğu kimi yenə də adekvat cavab verməyə davam edəcək". 

Pərviz

Seçilən
41
50
hit.az

10Mənbələr