AZ

Futbol dünyası şokda: ''Liverpul''un ulduzu qəzada dünyasını dəyişdi

Futbol dünyası şok bir xəbərlə sarsılıb. Belə ki, ''Liverpul'' və Portuqaliya yığmasının ulduzu Dioqo Jota avtomobil qəzasında dünyasını dəyişib. Hadisə bu gün səhər saatlarına yaxın İspaniyanın Samora vilayətindəki trassda baş verib. Hadisə şahidlərinin sözlərinə görə Jotanın idarə etdiyi maşın yüksək sürətlə yoldan çıxaraq bir neçə dəfə çevrilib və yanmağa başlayıb. Özü də 28 yaşlı futbolçu maşında tək deyildi. Onun kiçik qardaşı, Portuqaliyanın aşağı liqa təmsilçisi ''Penafyel''də forma geyən 26 yaşlı Andre də maşında idi və o da dünyasını dəyişib! Ən birinci ''Marka'' nəşrinin ictimaiyyətə çatdırdığı bu faciəvi xəbər artıq bir çox mənbələr tərəfindən təsdiq olunub. Portuqaliya Futbol Federasiyası isə başsağlığı mesajı paylaşıb. Qeyd edək ki, daha öncə ''Pakuş Ferreyra'', ''Portu'', ''Vulverhempton''da çıxış edən Jota 2020-ci ildə 41 milyon funt sterlinq qarşılığında ''Liverpul''a transfer olunmuşdu. Həmin vaxtdan bu yana o, mersisaydlıların heyətində 182 rəsmi oyuna çıxaraq aktivinə 65 qol, 26 məhsuldar ötürmə yazmışdı. Son mövsümdə Jota komandası ilə premyer-liqanın qalibi olmuş, eləcə də ötən ay Portuqaliya yığması ilə Millətlər Liqasını qazanmışdı. Cəmi 10 gün öncə isə o, Rute Kardoso adlı xanımla ailə həyatı qurmuşdu...

Seçilən
25
9
football-plus.az

10Mənbələr