AZ

“Sabah”ın acı məğlubiyyəti FAKTLARIN GÖZÜNDƏ

“Sabah” Avropa Liqasına məğlubiyyətlə başladı.

“Bank Respublika Arena”da “Çelye”ni qəbul edən təmsilçimiz ilk hissəni 2:1 hesabı ilə öndə başa vurduğu matçda meydanı yenilgiylə tərk etdi – 2:3.

“Sabah” niyə uduzdu?

Başlıca məqam komandada xətlərarası əlaqənin qaydasında olmamasıdır. Daxili yarışlarda gördüyümüz “Sabah”ın ən böyük üstünlüyü bəlkə də hücumlar zamanı təhlükəli görünməsiydisə, bu dəfə əksinə şahidlik etdik. Komanda irəli atılanda top itkilərinə yol verilir, ya da yarımmüdafiədən hücuma keçid alınmırdı.

Fikir verdinizsə, “tələbələr” hər iki qolu standart vəziyyətdən vurdu. Və hər ikisində künc zərbələri həlledici rol oynadı. Oyun epizodunda nəinki qol vurmaq, 2-3 ötürmə ilə təhlükəli vəziyyət yaratmaq belə, mümkünsüzə çevrilmişdi.

Müdafiəçilərlə qapıçı arasındakı münasibətin tək adı ilə fiasko idi. Pakatilovun mərkəz müdafiəçilərini başa düşməkdə çətinlik çəkməsi az qala rəqibin hər hücumunda hiss olunurdu.

İkinci 45 dəqiqədə top itkiləri adi hal almışdı. Rəqib də bundan duyuq düşərək pressinq edir, əksər hallarda topa sahib olurdu.

“Sabah”ın fiziki durumu komandanın beynəlxalq oyunlara hazır olmadığını göstərdi. Fasilədən sonra təmsilçimizin futbolçuları rəqibdən açıq-aşkar geri qalırdı. İstər hava toplarında, istər ikili mübarizələrdə, istərsə də sürətdə.

Baş məşqçi Valdas Dambrauskasın kollektivə gec qoşulması və ixtiyarında cəmi 3 həftə vaxtın olması sözünü deməyə bilməzdi. Ya yüksənmə fazası düzgün bölüşdürülməmişdi, ya da meydana fiziki cəhətdən hazır olmayan oyunçular buraxılmışdı.

Və ən vacib məqam, “Sabah”ın rəqibdən ehtiyatlanması, bəlkə də qorxmasıydı. Hücumlar zamanı irəlidə çoxala bilməyən kollektiv əsas diqqəti müdafiəyə ayırmaqla məğlub olmamağın planlarını cızırdı.

Sloveniya təmsilçisi bunu görərək “Sabah”ın üstünə gəlir, rəqibi öz qapısı qarşısında sıxışdırırdı. Məhz qol buraxmamaq qorxusu son saniyələrdə olsa belə, rəqibə lazım olan qolu qazandırdı.

Qarşıda daha bir 90 dəqiqə var və hər birimizin arzusu “Sabah”ın qələbə qazanaraq mərhələ adlamasıdır.

Lakin təcrübəli rəqibin bu üstünlüyü əldən verəcəyi qətiyyən inandırıcı görünmür. Allah darmadağından qorusun!

Komandalar arasındakı cavab qarşılaşması iyulun 17-də səfərdə baş tutacaq və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
11
sportinfo.az

1Mənbələr