AZ

"Bu, Rusiyanın mülki əhaliyə qarşı dəhşətli, mənasız və açıq terrorudur" - Zelenski

 

"Ukrayna kamikadze-dronların zərbələri altındadır..."

 
İyulun 16-da Rusiya ordusu Ukraynanın Donetsk vilayətində yerləşən Dobropolye şəhərinin mərkəzinə 500 kiloqramlıq aviazərbə endirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "interfax.com.ua" nəşri yayıb.
 
Məlumatda deyilir ki, Ticarət Mərkəzinin və ətrafdakı mağazaların olduğu sıx məskunlaşmış əraziyə yönəlmiş hücum nəticəsində azı 2 nəfər həlak olub, 27-dən çox insan yaralanıb. Onlarla obyekt, yüzlərlə mənzil və bir neçə avtomobil dağılıb. Ukrayna hakimiyyəti hadisəni "mülki əhaliyə qarşı açıq terror aktı" adlandırır.
 
Prezident Vladimir Zelenski axşam xalqa müraciətində bu hücumu belə qiymətləndirib: "Dobropolyedə adi bir mağazaya, ticarət pavilyonlarına bomba atılıb. Bu sadəcə dəhşətli, mənasız rus terrorudur. Hərbi baxımdan heç bir məntiq yoxdur, məqsəd yalnız insan həyatı almaqdır. Hazırkı Rusiya belədir - alçaq zərbələrlə özünü göstərir. Biz cavab verəcəyik".
 
 
Ukrayna Ombudsmanı Dmitri Lubinets bildirib ki, zərbə insanların işdən evə qayıtdığı saatda, şəhərin mərkəzində yerləşən "Avrora" ticarət obyektinə endirilib. "Bu, sivil insanlara qarşı şüurlu bir hücumdur. Rusiya mülki şəxslərə qarşı müharibə aparır. Dünya bu terroru dayandırmaq üçün konkret addımlar atmalıdır", - o, çağırış edib.
 
Qurbanlar və dağıntılar
 
Donetsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkinin son məlumatına görə, 2 nəfər həyatını itirib, 27 nəfər yaralanıb, 54 ticarət obyekti, 13 yaşayış binasındakı 304 mənzil, 8 avtomobil dağıdılıb. Axtarış-xilasetmə işləri davam edir. Filaşkin qeyd edib ki, dağıntılar altında hələ də insanların olması mümkündür.
 
Dronlar və "Shahed"lərlə gecə hücumu
 
Eyni gecə Ukraynanın müxtəlif vilayətləri də Rusiyanın "Shahed" tipli kamikadze dronları və ballistik raketləri ilə genişmiqyaslı hücuma məruz qalıb. Təxminən 400 dron buraxılıb, onlardan 57-si 12 fərqli hədəfə çatıb. Dnepr, Vinnitsa, Xarkov, Krivoy Roq kimi iri şəhərlər sarsıdılıb. 
 
Bəzi ərazilərdə dronların qalıqları və ya vurulan PUA-lar düşüb. Xüsusilə Krivoy Roqda sənaye müəssisəsi vurulub, 17 yaşlı bir gənc ağır yaralanıb. Vinnitsada isə Polşaya məxsus zavod hədəfə alınıb,  bu, artıq müharibənin beynəlxalq sərhədləri də təhdid etməyə başladığını göstərir. 
 
 
Dobropolyedə baş verən bombardman bir daha göstərir ki, Rusiya mülki əhalini və həyat infrastrukturunu bilərəkdən hədəfə alır. Prezident Zelenski bu vəziyyəti dəyişdirmək üçün həm Ukraynanın öz gücünü artırmalı olduğunu, həm də beynəlxalq tərəfdaşların konkret addımlar atmalı olduğunu vurğulayıb: "Müharibəni dayandırmaq üçün Rusiyanı məcbur etmək lazımdır - biz həm daxildə, həm də beynəlxalq aləmdə bunun üzərində çalışırıq".
phrase_var_article.chosen
91
50
moderator.az

10phrase_var_article.sources