Paris, 21 iyul, AZƏRTAC
Fransada mübahisəli “Duplomb” Qanununa qarşı yaradılmış petisiya üzrə yığılan imzaların sayı iyulun 20-də 1 milyonu keçib. Bu hal Qanunun yenidən parlamentdə müzakirəyə çıxarılması ehtimalını gündəmə gətirib.
AZƏRTAC xəbər verir ki, Milli Assambleyanın rəsmi saytında yerləşdirilən petisiya fransızların bu Qanuna qarşı olduğunu ortaya qoyub. Qanun Assambleyanın saytında 2019-cu ildən indiyədək yerləşdirilən petisiyalar arasında ən yüksək imza sayı ilə diqqət çəkib.
Fransa qanunvericiliyinə görə, əgər bir petisiya 500 mindən çox imza toplayarsa və bu imzalar ölkənin ən azı 30 bölgəsini əhatə edərsə, Milli Assambleya məsələ ilə bağlı ictimai debat keçirmək hüququna malik olur. Milli Assambleyanın sədri Yaël Braun-Pivet bu təşəbbüsə dəstək verdiyini bildirib və parlamentin növbəti sessiyasında debatın keçirilə biləcəyini deyib. O, həmçinin vurğulayıb ki, bu müzakirə Qanunun ləğv edilməsinə səbəb olmayacaq.
Petisiyanın sürətli uğurundan sonra Qanunun tərəfdarları və əleyhdarları arasında gərginlik yenidən alovlanıb. Solçu LFI deputatı Uqo Bernalisis hökuməti xalqın səsinə qulaq asmağa və Qanunun rəsmi şəkildə qüvvəyə minməsindən imtina etməyə çağırıb. Ekoloji partiyanın lideri Marin Tondelye isə Prezident Emmanuel Makronu Qanunun ikinci müzakirəyə qaytarılmasına çağıraraq prosesin təxirə salınmasını istəyib.
Digər tərəfdən, kənd təsərrüfatı sahəsindəki əsas ittifaqlar, xüsusilə FNSEA “Duplomb” Qanununun Fransanın kənd təsərrüfatı üçün həyati əhəmiyyət daşıdığını bildirib. "Fransa fermerləri Avropalı həmkarları ilə eyni imkanlara malik olmalıdırlar. Bu Qanun onların rəqabət qabiliyyətini qorumaq üçündür", - deyə FNSEA təmsilçisi Kristian Dürlen deyib.
“Duplomb” Qanunu kənd təsərrüfatında məhdudiyyətlərin azaldılmasını və Avropa normalarına uyğunlaşdırılmasını hədəfləyir. Amma bir çox vətəndaş və ekoloqlar bu Qanunu ətraf mühit və insan sağlamlığı üçün təhlükəli olan intensiv və industrial kənd təsərrüfatı modelinin davamı kimi qiymətləndirirlər.
Ekspertlər bildirirlər ki, petisiya Qanunun ləğvini hüquqi baxımdan mümkün etmir. Siyasi şərhçi Benjamin Morel izah edir ki, Fransa Konstitusiyası prezidentə birbaşa qəbul olunmuş Qanunu ləğv etmək və ya veto qoymaq səlahiyyəti vermir. Parlamentin bir qrup solçu deputatı isə iyul ayında Konstitusiya Şurasına müraciət edib, lakin bu istiqamətdə də nəticənin qeyri-müəyyən olduğu bildirilir.