BAKI, 9 avqust. TELEQRAF
Bu gün ABŞ-nin paytaxtı Vaşinqton şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Sülh sammiti keçiriləcək.
Teleqraf xəbər verir ki, görüşün gündəliyində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəfindən əvvəlcədən razılaşdırılmış sülh sazişinin paraflanması da nəzərdə tutulur.
Prezident İlham Əliyev sülh sazişinin paraflanması ideyasının da Azərbaycan tərəfindən Əbu Dabi görüşündə irəli sürüldüyünü qeyd etmişdi.
Bəs paraflanma nədir?
Bu söz fransız mənşəli olub mənası imza, möhür mənasını verir. Beynəlxalq hüquqda isə “paraflama” deyildikdə bir sənədin hər səhifəsinin danışıqlarda iştirak edən nümayəndələr tərəfindən adlarının baş hərfləri ilə imzalanması prosesi nəzərdə tutulur.
Paraflanma, tərəflərin sənədin məzmunu üzərində razılığa gəlindiyini, lakin sənədin hələ rəsmi şəkildə qüvvəyə minmədiyini göstərir. Bu, siyasi razılaşmanın bir növ simvolik təsdiqidir və imzalanma mərhələsinə hazırlıq mərhələsi hesab olunur. Başqa cür desək, paraflanmış sənəd hələ qüvvəyə minməmiş, yekun təsdiq gözləyən sənəd deməkdir. Sənəd paraflandıqdan sonra Prezident ya da xarici işlər naziri tərəfindən rəsmən imzalanır və qüvvəyə minir.
Sülh sazişinin paraflanması onun yekun imza üçün tamamilə hazır olduğunu göstərir.