AZ

Azərbaycan-Ermənistan sülh gündəliyi

Bu gün ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında Vaşinqton görüşünün nəticəsi olaraq Birgə Bəyannamə imzalanacaq. SİA xəbər verir ki, məlum olduğu kimi, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalamaq üçün2 əsas şərti irəli sürmüşdü:

- Minsk Qrupunun ləğvi ilə əlaqədar ATƏT-ə birgə müraciətin edilməsi;

- Ermənistan Konstitusiyasına dəyişikliklərin edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması.

Azərbaycan və Ermənistan liderlərinin imzalayacağı Birgə Bəyannamədə Minsk Qrupunun ləğv edilməsinə iki ölkənin ATƏT-in Baş Katibinə birgə müraciət edəcəyi təsdiqlənir. Eyni zamanda Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair Sazişin mətni paraflanandan sonra adıçəkilən “sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımların atılması”nın zəruriliyi tanınır. Yəni yekun sülh sazişinin imzalanması üçün əsas tələblərdən biri – Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olunur;

Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Bu gün dövlət başçısının bu tələbi də Ermənistan tərəfindən qəbul ediləcək. Belə ki, imzalanacaq Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olunur. Beləliklə, Zəngəzur Dəhlizi reallaşır;

Vaşinqtonda həmçinin Zəngəzur Dəhlizinin işə düşməsi ilə əlaqədar ABŞ ilə Ermənistan arasında saziş imzalanacaq. Prezident D.Tramp Zəngəzur Dəhlizinin qarantı rolunu oynayacaq;

Vaşinqtonda baş verəcək daha bir tarixi hadisə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətninin paraflanmasıdır. İki ölkə xarici işlər nazirləri tərəfindən sülh müqaviləsinin paraflanması saziş mətninin tərəflər arasında razılaşdırıldığını təsdiq edir.

Paraflanma hələ sülh müqaviləsinin imzalanması demək deyil. Bununla belə bu istiqamətdə ciddi addımdır;

2026-cı ildə Ermənistanda konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum keçirildikdən sonra sülh sazişinin yekun imzalanması təmin olunacaq.

Xatırladaq ki, D.Trampın Azərbaycan-Ermənistan normallaşma prosesində belə yaxından iştirakı C.Karterin 1978-ci il Kemp-Deviddə Misir ilə İsrail arasında imzalanmış müqavilə ilə müqayisə oluna bilər.

Seçilən
32
3
sia.az

10Mənbələr