AZ

İsrail ordusu Suriya DİN-in qərargahına PUA hücumu edib

BAKI, TurkicWorld, Səməd Əyyubov

İsrail ordusuna məxsus pilotsuz uçuş aparatları (PUA) Suriyanın cənubunda yerləşən Kuneytra vilayətindəki Daxili İşlər Nazirliyinin qərargahına hava hücumu təşkil edib.

TurkicWorld xəbər verir ki, yerli mənbələrin verdiyi məlumata görə, hücum yerli vaxtla saat 20:06 radələrində Kuneytranın Səlam bölgəsində yerləşən Daxili İşlər Nazirliyinə bağlı hərbi obyekti hədəf alıb.

Hücum nəticəsində yalnız maddi ziyan qeydə alınıb, insan tələfatı yoxdur.

Hazırkı vaxtadək nə Suriya hökuməti, nə də İsrail tərəfindən rəsmi açıqlama verilməyib. Eyni zamanda, İsrailə məxsus PUA-larının Suriya hava məkanında uçuşlarını davam etdirdiyi bildirilir.

Xatırladaq ki, 13 iyul tarixində Suriyanın Suveyda vilayətində ərəb qəbilələrinin döyüşçüləri ilə druz dəstələri arasında qarşıdurmalar baş verib. İyulun 15-də Suriya ordusu vilayətin inzibati mərkəzinə daxil olaraq, bölgədə sabitliyi təmin etmək üçün əməliyyatlara başlayıb. Ardınca İsrail, druz əhalisini qorumaq məqsədi ilə Suriyanın hərbi kolonlarını hədəfə almağa başladığını bəyan edərək hava hücumları həyata keçirməyə başlayıb.

16 iyul tarixində İsrail Hərbi Hava Qüvvələri Dəməşq və onun ətrafındakı bir sıra strateji obyektlərə, o cümlədən Suriya ordusunun Baş Qərargah kompleksinə, Əbu-Rummana rayonundakı Prezident Sarayına və paytaxtın qərbində yerləşən Mezze hərbi hava bazasına hava zərbələri endirib. Bu zərbələr nəticəsində Suriya təhlükəsizlik qüvvələrinin beş əməkdaşı həlak olub.

Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.

Seçilən
73
48
turkic.world

10Mənbələr