AZ

Samuxda istifadəyə yararsız pestisid zərərsizləşdiriləcək

Samuxda
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti dövlət qurumlarının və beynəlxalq ekspertlərin iştirakı ilə respublika ərazisində istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərlə çirklənmiş ərazilərin mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi aparılıb, həyata keçirilən tədqiqatlar və risk analizləri nəticəsində 11 rayon üzrə 14 məntəqədə bu cür təhlükə potensiallı obyektlərin mövcudluğu müəyyən edilib. 1news.az xəbər verir ki,Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 sentyabr tarixli 3488 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetində aidiyyəti dövlət orqanları cəlb edilməklə "Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə yaradılmış Koordinasiya Komissiyası” tərəfindən “Respublika ərazisində istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər və aqrokimyəvi maddələrlə bağlı problemlərin aradan qaldırılmasına dair Tədbirlər Planı” təsdiq edilərək bir sıra dövlət qurumlarına, o cümlədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müvafiq işlərin görülməsi həvalə olunub.
Tədbirlər Planının icrası məqsədilə AQTA, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyi və müvafiq yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət işçi qruplar yaradılmaqla, 11 rayon üzrə 14 məntəqədən daşınması məqsədəuyğun hesab olunan təhlükəli tullantılara dair kütlə müəyyən edilib. Bu çərçivədə Agentlik tərəfindən cəlb edilmiş xüsusi lisenziyalı şirkət Samux rayonu ərazisində istifadəyə yararsız pestisidlərin, o cümlədən çirklənmiş torpaq qatının daşınması prosesini həyata keçirəcək. Belə ki, beynəlxalq təhlükəsizlik tələblərinə uyğun qaydada qablaşdırılan yüklərin zərərsizləşdirilməsi məqsədilə “Cəngi pestisid poliqonu”na xüsusi nəqliyyat vasitəsilə daşınması və yerləşdirilməsi təmin olunacaq. Xatırladaq ki, ötən il Ağstafa və Beyləqan rayonlarından ümumilikdə 747 ton istifadəyə yararsız pestisidin və həmin maddələrlə bilavasitə qarışaraq çirklənmiş torpaq kütləsi zərərsizləşdirmək məqsədilə xüsusi nəqliyyat vasitəsilə “Cəngi pestisid poliqonu”na daşınıb. Agentlik tərəfindən aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə həyata keçirilən fəaliyyətlər ölkə üçün strateji əhəmiyyət daşımaqla yanaşı, ekosistemin qorunmasına, insan sağlamlığı, heyvanlar və bitkilər üçün potensial risklərin qarşısının alınmasına xidmət edir. Qeyd edək ki, icra olunan bu tədbirlər növbəti mərhələdə digər rayonlardakı təhlükə potensiallı obyektlərdə də davam etdiriləcək, istifadəyə yararsız pestisidlərin zərərsizləşdirilməsi üzrə ardıcıl addımlar atılacaq.
Seçilən
14
50
1news.az

10Mənbələr