BAKI, 11 avqust. TELEQRAF
Prezident İlham Əliyevin imzaladığı sərəncamla avqustun 26-sı Laçın şəhər günü təsis edilib.
Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi.
Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı.
Bu gün Qarabağda həyat yenidən başlayır. Torpaqlarımız yenidən çiçəkləyir. Hər bir bölgəsinə yeni nəfəs, yeni işıq bəxş edilir.
Qüdrətli ordu, əzmkar rəhbər, məğrur xalqın dəmir yumruq ətrafında bir olması ilə biz "Qarabağ Azərbaycandır!" deyə bilirik.
Qarabağın bütün regionlarında olduğu kimi Laçında da yenidənqurma işləri çox sürətlə irəliləyir. Öz yurd-yuvalarından köçkün düşməyə məcbur qalmış həmvətənlilərimiz ata-baba torpaqlarına qayıdırlar.
Dövlətimizin Qarabağın düşmən tapdağı altından xilas olmasında misilsiz xidmət etmiş əsgər və zabitlərimizə diqqəti göz qabağındadır.
Məhz məğrur Azərbaycanın rəşadətli ordusuna göstərdiyi diqqət və qayğını görmək üçün Laçında yerləşən hərbi hissələrdən birinə Müdafiə Nazirliyi tərəfindən mediatur təşkil edildi.
Burada müasir tipli infrastrukturun inşası həyata keçirilib, kazarmalar, hamam-camaşırxana xidmətləri hərbçilərin ixtiyarına verilib.
Hərbçilər ərzaq və əşya təminatı normalarına uyğun bütün təminat növləri ilə fasiləsiz təchiz olunurlar.
Qarabağın işğaldan azad olunmasından 5 il keçməsinə baxmayaraq hərbçilərin xidmət etdiyi ərazilərdə onların normal xidməti üçün lazımi bütün şərait yaradılıb və bu işlər sürətli şəkildə davam etdirilir.
Laçın rayonunda yerləşən hərbi hissədə də şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması və fasiləsiz təminatını təşkil edilməsi məqsədilə inşa edilən yataqxana, yeməkxana, anbarlar, həmçinin məişət obyektləri istifadəyə verilib.
Laçında xidmət edən hərbi qulluqçu Teleqraf-a bildirib ki, xidmət etdiyi hərbi hissədə şərait çox yaxşıdır:
"Məişət şəraitimiz yüksək səviyyədədir. Hər zaman bizlə maraqlanırlar, daima diqqət mərkəzində saxlayırlar. Hər şey yaxşıya doğru irəliləyir".
Hərbi xidmətinin bitməsinə 7 ay qalmasına baxmayaraq hərbçi ordu sıralarında xidmətini yenə də davam etdirmək istəyir:
"2020-ci ildən bəri müddətdən artıq hərbi xidmətdəyəm. 44 günlük Vətən Müharibəsində iştirak etmişəm. Cəbrayıl, Xocavənd, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Artıq mənim xidməti bitirməyimə 7 ayım qalıb. Buna baxmayaraq fəxr edirəm ki, bugünkü gündə Azərbaycanın güc sıralarında xidmət göstərirəm. Ordumuz gündən-günə güclənir. Ali Baş komandanımızın daima diqqətində, nəzarətindəyik. Xidmətimin bitməsinə 7 ay qalmasına baxmayaraq mən ordu sıralarında xidmətimi yenə də davam etdirmək istəyirəm".
Mediatur ərəfəsində döyüş taktiki məşqləri ilə media nümayəndələri yerindəcə tanış olub. Burada praktiki vərdişlərin təkminləşdirilməsinə və döyüş atışlı təlimlərin keçirilməsinə xüsusi diqqət yetirilir.
Digər hərbi qulluqçu Teleqraf-a açıqlamasında vurğulayıb ki, hərbi hissədə əsgərlərin döyüş fəaliyyətinə yiyələnməsi, gündəlik fəaliyyətlər üçün hər şərait yaradılıb:
"Bir əsgər gündəlik fəaliyyətdə ilk növbədə təhlükəsizliyə diqqət yetirilməlidir. Onun ardınca peşəkarlıq gəlir. Peşəkar olduqdan sonra hər şey daha asan olur. Lakin yenə də ehtiyyatı əldən vermək olmaz. Elə vərdişlər olur ki, biz ona tam yiyələnə bilmək üçün dəfələrlə təkrar edirik. Taktiki hazırlıq üçün hər cür şərait var. Bir əsgərin döyüş taktikasını tam qavraması üçün dəfələrlə məşq etdirilir. Nizam-intizam qaydalarını gözləməklə xidmətimizi davam etdiririk. Gündəlik məşqlərimiz, idmanımız vaxtı-vaxtında təşkil olunur".
O 44 günlük Vətən Müharibəsində iştirak edib:
"3 dəfə antiterror əməliyyatında iştirak etmişəm. Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərində döyüşmüşəm. Laçının, Ağdərənin azad olunmasına görə medallarla təltif olunmuşam".
Hərbi hissədə günün nizam qaydalarına uyğun olaraq bölmələrdə gündəlik qoşun xidməti təşkil edilməklə yanaşı, döyüş hazırlığı məşğələləri də intensiv və keyfiyyətlə keçirilir.
Bir digər hərbi qulluqçu isə ümumqoşun döyüşləriin aparılmasında snayperlərin rolundan bəhs edib:
"Müasir ümumqoşun döyüşünün aparılmasında qabaqcıl və yeni texnologiyalardan istifadə olunmasına baxmayaraq snayperlər bu gün mühüm və əsas fəaliyyətləri yerinə yetirir. Lokal münaqişələr zamanı bir hədəfin məhv olunması üçün tonlarla metalın sərf olunması, xeyli sayda şəxsiyyətin və vəsaitin istifadə edildiyi halda snayper üçün bu fəaliyyəti yerinə yetirmək üçün sadəcə bir neçə qram metaldan istifadə kifayət edir.
Döyüşlərin gedişində snayper çox şeyə qadirdir. Onların məsuliyyəti böyük, işləri qeyri-standart, təhlükəli və fiziki cəhətdən ağırdır. Xidmət etdiyi qoşun növündən, rütbəsindən asılı olmayaraq hər bir snayper xüsusi təyinatlı döyüşçüdür. Real nəticə vermək imkanları baxımından snayper düşünməyə məcburdur. Belə olduğu üçün snayperlərin düşüncəsi və onların fəaliyyətləri haqqında fikirləri digərlərindən çox fərqlənir".
Onun sözlərinə görə, hərbi hissədə günün nizam qaydasına uyğun olaraq istirahət günlərində əsgərlər ailələri ilə əlaqə saxlayır və görüşlər təşkil olunur.
Bu gün Laçında və ümumiyyətlə Qarabağda baş verən inkişaf, xalqımızın əzmi, dövlətimizin siyasi iradəsi və ordumuzun rəşadəti nəticəsində əldə olunan Zəfərin bariz nümunəsidir. İşğaldan azad olunmuş torpaqlarımızda quruculuq və bərpa işləri sürətlə davam etdirilir, təhlükəsizlik və sabitlik təmin olunur, əhalinin geri dönüşü dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.
Əminliklə demək olar ki, bu yurdlar artıq yalnız tarixi yox, həm də gələcəyin ünvanıdır. Azərbaycanın güclü ordusu, məğrur Ali Baş Komandanı və sarsılmaz xalq birliyi sayəsində Laçın da, bütün Qarabağ da daim sülhün, inkişafın və azadlığın rəmzi olaraq qalacaq.