AZ

Qulamhüseyn Əlibəyli: “Alyaskada ciddi irəliləyişlərin əldə olunacağı…”

“ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putinin Alyaska görüşünə az vaxt qalır”. 

“Cebheinfo.az” xəbər verir ki, bu sözləri politoloq Qulamhüseyn Əlibəyli deyib.

O bildirib ki, bu görüş Ukrayna, Avropa İttifaqı və Böyük Britaniyanın iştirakı olmadan keçiriləcək:

“Buna görə də onların narahatlıqlarını başa düşmək olar. Görüşdə müzakirəsi gözlənilən əsas məsələ Ukrayna ilə bağlı məsələ olacaq. Lakin bu yeganə məsələ olmayacaq.Bu vaxta qədər hər iki prezident telefonla bir neçə dəfə əlaqə saxlayıblar. Putin hər telefon danıçığından sonra daha da aqressivləşərək Ukraynaya yeni hücumlar təşkil edir, daha çox ərazi işğal etməyə çalışırdı.

Həm də xatırlatmaq lazımdır ki, Putin Trampın birbaşa görüş təklifindən inadla imtina edirdi, lakin ABŞ-nin təzyiqlərindən sonra təklifi qəbul etməyə məcbur oldu.Bunu Ukraynaya təcavüzün yeni mərhələsi ərəfəsində məcburi manevr siyasəti kimi də dəyərləndirmək olar”.

Onun sözlərinə görə, görüşdə ilk növbədə Rusiya Ukrayna müharibəsində atəşkəs barədə razılıq əldə edilməsi güman olunur:

“Bu barədə Rusiyanın mövqeyi Ukraynanın maraqları ilə tam ziddiyyət təşkil edir. Ukrayna ilkin şərt olmadan uzunmüddətli atəşkəsə tərəfdardır. Rusiya isə Ukraynanın şərqində ərazilərini işğal etdiyi vilayətlərin öz ərazisi kimi tanınmasını və həmin vilayətlərin işğal olunmamış hissəsindən Ukrayna qoşunlarının çıxarılmasını atəşkəsin ilkin şərti kimi irəli sürür. ABŞ Prezidenti Tramp həm Ukraynanın və həm də Rusiyanın müəyyən ərazilərdən imtina etməsini Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün vacib hesab edir. 

Bu zaman Ukraynanın Rusiya tərəfindən işğal olunmuş Krım, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərindən imtina etməsi, Rusiyanın isə Ukraynanın digər vilayətlərində işğal etdiyi kiçik ərazilərdən imtina etməsi nəzərdə tutulur.

Beləliklə, Tramp işğala məruz qalmış Ukraynanın iştirakı olmadan Ukraynanın əraziləri itkiləri hesabına işğalçı dövlətlə razılığa gəlmək istəyir”.

Politoloq qeyd edib ki, Trampın Ukrayna ilə onun bütün ərazisində təbii sərvətlərin istismarı haqqında müqavilə bağlayaraq özünün və ABŞ-nin iqtisadi və kommersiya maraqlarını təmin etdiyini nəzərə alsaq, Ukraynanın iştirakı olmadan onun ərazilərinin ABŞ və Rusiya arasında bölüşdürülməsindən söhbət gedir:

“Avropa İttifaqının və Böyük Britaniyanın görüşdə iştiraka dəvət olunmaması Rusiya-Ukrayna müharibəsinə dair onlar arasında ciddi fikir ayrılığının olmasını göstərir.

Bunu həm də Avropanın ABŞ-nin təsir dairəsində saxlanması kimi də yozmaq olar. Görünür bunun qarşılığı kimi Rusiya bütövlükdə postsovet məkanını bəzi istisnalarla onun təsir dairəsində saxlanmasını tələb edəcək.

Yəni faktiki olaraq Potsdam konfransından sonra formalaşmış dünya nizamının dəyişdirilməsi, dünyanın ABŞ və Rusiya arasında yenidən bölüşdürülməsi baş verir. Təbii ki, belə vəziyyət nə Ukraynanı, nə Avropanı, nə də postsovet dövlətlərini qane edə bilməz”.

Qulamhüseyn Əlibəyli onu da diqqətə çatdırıb ki, Ukraynanın Putinin və Trampın şərtləri ilə atəşkəsə razılaşması inandırıcı deyil:

“Bu isə müharibənin davan etməsi deməkdir. Kollektiv Avropa da bu halda Ukraynanı müdafiə edəcək və ona yardım göstərəcək. Ona görə də Alyaska görüşündə ciddi irəliləyişlərin əldə olunacağı şübhə altındadır”.

Seçilən
41
50
cebheinfo.az

10Mənbələr