AZ

"Alyaska sammiti: Putin üçün strateji qələbə, Tramp üçün taktiki manevr" - "The New York Times"

 
"Kimin oyunu daha güclü olacaq - Vaşinqtonun, yoxsa Kremlin?.."
 
Avqustun 15-də Alyaskada ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında baş tutacaq görüş dünya mediasının diqqət mərkəzinə çevrilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
 
Ukrayna müharibəsinin dayandırılması ilə bağlı ciddi irəliləyiş gözlənilməsə də, siyasi analitiklər həm Rusiya, həm də Ukrayna üçün bir faktı vurğulayır: bu sammit artıq Putinin diplomatik təcriddən çıxması deməkdir. Bu, Kreml üçün təkcə xarici siyasətdə qapıların açılması deyil, həm də Qərbin Rusiyaya qarşı sərt xəttini yumşaltmaq üçün əlverişli platformadır.
 
Putinin gizli gündəliyi və taktiki oyunu
 
"The New York Times  yazır ki, Putin üçün əsas məqsəd sülh sazişini imzalamaq deyil. Onun hədəfi Trampı Moskvanın təkliflərini dəstəkləməyə razı salmaqdır. Kreml sammitdə Ukrayna məsələsini digər mövzularla "birləşdirərək" masaya çıxarmaq niyyətindədir: ABŞ-la iqtisadi əlaqələrin bərpası, yeni nüvə silahı sazişi və Qərbin Rusiyaya qarşı "tamahkar" mövqeyinin yumşaldılması.
 
Ekspert Tatyana Stanovaya qeyd edir ki, bu görüş Putinin "taktiki manevr"idir - həm daxildə narazılığın qarşısını almaq, həm də Vaşinqtonun səbrini yoxlamaq məqsədi güdür. Trampın "torpaq mübadiləsi" ilə bağlı açıqlaması isə Kiyevdə böyük siyasi fırtına qopara bilər. Belə bir razılaşma Zelenskini zəiflədərək Putinin illərdir arzuladığı siyasi nəticəni- Ukrayna hakimiyyətində dəyişiklik imkanını yarada bilər.
 
Vaşinqtonun ehtiyatlı yanaşması
 
ABŞ Konqresmeni Mayk Kviqli hesab edir ki, Tramp bu sammitlə vaxt qazanmağa çalışır, amma Putin onu zəif tərəf kimi görür. Onun sözlərinə görə, Putin bütün avtoritar liderlər kimi yalnız gücə hörmət edir. Tramp isə bir neçə dəfə ultimatumları ötürərək Moskvanın əlini gücləndirib. "Bu arada ruslar yavaş-yavaş irəliləyərək yeni əraziləri ələ keçirir", - Kviqli xəbərdarlıq edib. Bəzi analitiklər görüşün nəticəsinin "Koreya ssenarisi"nə bənzəyə biləcəyini istisna etmir - yəni müharibənin tam bitmədiyi, amma uzun illər davam edən, faktiki sərhəd xətti ilə bölünmüş bir vəziyyət.
 
Razılaşma ehtimalı və manipulyasiya oyunu
 
"Reuters"-in Kremlə yaxın mənbələrinə görə, tərəflər artıq bəzi məsələlərdə ortaq mövqelər tapıblar. Danışıqlarda kompromis variant kimi hava hücumlarının mərhələli şəkildə dayandırılması nəzərdən keçirilir. Lakin politoloqlar xəbərdarlıq edir: Putin Trampa "istədiyini verir kimi" görünərək, istənilən vaxt eskalasiyanı yenidən başlatmaq üçün öz əlində geniş imkan saxlayacaq. Siyasi analitik Sem Qrin vurğulayır ki, əgər razılaşma Rusiyanın hərbi manevr imkanlarını məhdudlaşdırmırsa, bu, Moskva üçün ideal nəticə olacaq.
 
Nəticənin siyasi çəkisi
 
ABŞ Dövlət katibi Marko Rubio bəyan edib ki, Tramp danışıqlar zamanı müəyyən atəşkəs əldə etməyə ümid edir və əgər Putin buna razı olmazsa, "çox sərt nəticələr" olacaq. Lakin istənilən halda Alyaska görüşü artıq Putinin diplomatik dönüş nöqtəsi kimi tarixə düşəcək.
 
Bu sammitdən sonra dünya Putini Qərbin təcrid etdiyi lider kimi deyil, ABŞ prezidenti ilə bərabər masa arxasında oturan qlobal oyunçu kimi görəcək. Tramp isə ya "möhtəşəm razılaşma" əldə edən lider, ya da Kreml ustasının əlində məharətlə yönləndirilən siyasətçi kimi yadda qalacaq.İndi bütün sual budur: Alyaskada kimin oyunu daha güclü olacaq - Vaşinqtonun, yoxsa Kremlin?
Seçilən
53
50
moderator.az

10Mənbələr