AZ

Maliyyə sektorunda çalışanların nəzərinə!

Peşəkar mühasibatlıq maliyyə sektorunun formalaşması üçün beynəlxalq təcrübənin tətbiqi bu gün ən çox müzakirə olunan məsələlər sırasındadır. Məsələn bəzi ölkələrdə, o cümlədən Türkiyə və Almaniyada mühasibatlıq fəaliyyəti ciddi peşə sertifikatları və dövlət icazələri ilə tənzimlənir.

Azərbaycanda isə “outsourcing mühasibatlıq” xidməti üçün belə bir tələbin olmaması bazarda həm rəqabət, həm də keyfiyyətlə bağlı suallar yaradır. 

Bəs, Türkiyə və Almaniyanın təcrübəsi ölkəmizdə də tətbiq oluna bilərmi?

Mövzu ilə bağlı “Qafqazinfo”ya açıqlama verən İqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycanın fəxri auditoru Anar Bayramov deyib ki, mühasibatlıq sahəsində adı çəkilən ölkələrin maraqlı təcrübəsi var:

“Məsələn Türkiyədə mühasibatlığın iki əsas qolu var. Bunlardan biri  SMMM-dir (Serbest Muhasebeci Mali Müşavir). Maliyyə müşaviri  mühasibat uçotu, vergi bəyannaməsi və maliyyə məsləhəti xidməti göstərir.  Bu şəxsin uyğun ali təhsili, ən azı 3 illik iş təcrübəsi, peşə odasına üzvlüyü və lisenziyası olmalıdır. YMM -Yeminli Mali Müşaviri isə SMMM tələblərindən əlavə olaraq vergi və maliyyə hesabatlarının hüquqi əsaslarını hazırlayır. Bu şəxsin ən azı 10 il peşə təcrübəsi və lisenziyası olmalıdır. 

Almaniyada isə “Steuerberater” - Vergi Müşaviri vergi məsləhəti verir, bəyannamə hazırlayır və vergi orqanları qarşısında sahibkarın təmsilçisi kimi çıxış edir. Müşavirin ali təhsilli, 2-3 il təcrübəsi və müvafiq dövlət imtahanından keçməsi vacibdir. “Wirtschaftsprüfer” auditor isə audit rəyini  və maliyyə hesabatlarını yoxlayıb təsdiqləyə bilir. O da ali təhsilə, 3–4 il ixtisas təcrübəsinə və dövlət qeydiyyatına sahib olmalıdır”.

Müsahibimiz təəssüflə qeyd edib ki, Azərbaycan inkişaf etmiş ölkələrin tətbiq etdiyi təcrübədən kənarada qalıb:

“Azərbaycanda “outsourcing mühasibatlıq” xidməti üçün nə sertifikat, nə də icazə tələbi var. İstənilən şəxs bu xidməti göstərə bilər. Bu da göstərilən mühasibat və audit xidmətinin keyfiyyətini xeyli aşağı salır. Nəticədə səhv hesabat və vergi riskləri artır. Unutmayaq ki, peşəkar hazırlıq sistemi olmayan yerdə keyfiyyətli xidmət gözləmək çətindir”.

Türkiyə və Almaniya modelində hansı üstünlüklər var?

Anar Bayramov hesab edir ki, peşə keyfiyyətinə ciddi nəzarət, vergi intizamının möhkəmlənməsi, saxta hesabatların qarşısının alınması və yerli kadrların beynəlxalq standartlara uyğun yetişməsi üçün xarici təcrübə vacibdir:

“Lakin Azərbaycanda bu modellərin hər hansı birinin tətbiq olunması üçün ilk növbədə sertifikat və icazə sistemi yaradılmalıdır. Yerli kadrlar üçün təlim proqramları hazırlanmalıdır. Eləcə də, universitet proqramlarına praktiki mühasibat və audit modelləri əlavə edilməlidir. Təbii ki, bu modellərə keçid zamanı kadr çatışmazlığı problemi ola bilər. Amma bu modellərə keçid zəruridir və gələcək üçün böyük fürsətlər açır. Bunun üçünsə əvvəlcə təcrübəli mühasiblər üçün sürətli sertifikat proqramları, gənclər üçün isə peşəkar yetişdirmə kursları təşkil olunmalıdır”.

Beynəlxalq təcrübənin tətbiqi bizə nə verə bilər?

Azərbaycanın fəxri auditornun fikrincə, beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi ilk növbədə maliyyə bazarına şəffaflıq gətirə bilər:

“Bu innovativ tətbiqlər hesabına peşəkar mühasib sadəcə hesabat tərtib etməyəcək, həm də sahibkarın biznesini maliyyə risklərindən qoruyacaq. 
Maraqlıdır ki, bu zaman təkcə sahibkar yox, həm də dövlət qazanacaq. Belə ki, yaradılmış şəffaflıq mühitində vergi daxilolmaları artacaq, kölgə iqtisadiyyatı azalacaq, beynəlxalq maliyyə etibarlılığı güclənəcək. Unutmayaq ki, peşəkar mühasibatlıq milli iqtisadi təhlükəsizlik məsələsidir və yerli kadrların yetişdirilməsi bu sahədə uğurun yeganə yoludur”.

Seçilən
48
7
qafqazinfo.az

10Mənbələr