AZ

“Suraxanı” gəmi-muzeyi ICOM-un beynəlxalq mükafatının ilkin siyahısına daxil oldu

BAKI, 18 avqust. TELEQRAF

Beynəlxalq Muzeylər Şurasının (ICOM) təsis etdiyi “Muzeylərdə Dayanıqlı İnkişaf Təcrübəsi üzrə ICOM Mükafatı”-nın uzun siyahısı açıqlanıb. Siyahıda Azərbaycandan yalnız “Suraxanı” gəmi-muzeyinin təqdim etdiyi “Xəzərin irsi” layihəsi yer alıb.

ICOM-un 2024-cü ildə elan etdiyi müsabiqəyə ümumilikdə 124 ölkədən müraciət daxil olub. Münsiflər heyəti layihələr arasından ilkin seçim edərək 60 ölkənin 130 layihəsindən ibarət uzun siyahı formalaşdırıb. Növbəti mərhələdə bu layihələr qiymətləndirilərək qısa siyahı müəyyənləşdiriləcək, yekunda isə üç finalçı seçiləcək. Qaliblər 2025-ci ilin dekabrında Dubayda ICOM-un Baş Konfransında elan olunacaq.

Layihələr beynəlxalq münsiflər heyəti tərəfindən “2030 Gündəliyi” və Dayanıqlı İnkişaf Məqsədlərinin beş əsas istiqaməti (İnsanlar, Planet, Firavanlıq, Sülh və Tərəfdaşlıq) üzrə qiymətləndirilir.

“ICOM Mükafatı” muzey sahəsində dayanıqlı inkişaf istiqamətində innovativ təşəbbüsləri və nümunəvi təcrübələri tanıyan ilk qlobal mükafatdır və bu, ICOM-un bütün üzvlərinə ünvanladığı ilk beynəlxalq mükafat kimi xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, dünyanın ilk tanker muzeyi “ICOM Mükafatı”-na 2023-cü ildə “Heydər Əliyev İli” və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 165 illik yubileyi ilə əlaqədar sərgi olaraq həyata keçirilmiş “Xəzərin irsi”, eləcə də bu layihə çərçivəsində ötən il – “Yaşıl Dünya Naminə Həmrəylik İli” və “COP 29”-a həsr olunmuş “Daha az plastik, daha çox həyat:təmiz dəniz üçün birlikdə!” devizi ilə reallaşdırılmış “Art Plast” layihəsi ilə müraciət edib.

“Xəzərin irsi” sərgisində Xəzərin dibindən çıxarılmış qədim eksponatlar, sualtı arxeoloji qrupun dalğıc avadanlığı və ləvazimatları nümayiş olunub. Həmçinin ziyarətçilər Azərbaycanın su altında qalmış şəhərləri, batmış orta əsr gəmiləri, zəngin mədəniyyəti və çoxşaxəli ticarət əlaqələri haqqında məlumat əldə edə biliblər.

“Art Plast” layihəsi çərçivəsində isə plastik, metal və digər məişət tullantılarından istifadə olunaraq 5 metr uzunluğa malik balıq, eyni zamanda hər birinin hündürlüyü təxminən 2 metrdən çox olan qağayı, suiti və dəniz atı formasında hazırlanmış installyasiyalar, plastik qablardan düzəldilmiş 4 metr uzunluğu olan dünya xəritəsi installyasiyası, eləcə də istismar müddətini başa vurmuş qayıqlardan güldanlar düzəldilərək “Suraxanı” gəmi-muzeyinin qarşısında yerləşdirilib. Bu “eko-art”lar ətraf mühiti təmiz saxlamağın əhəmiyyətinə, plastik çirklənməsinin ekosistem üçün təhlükələrinə, xüsusilə dəniz canlılarının qorunmasının vacibliyinə diqqət çəkməklə yanaşı, tullantıların istifadəyə yararlı məhsullara çevrilməsinin, hətta onlardan sənət əsərləri yaratmağın mümkünlüyünü əyani formada nümayiş etdirir.

Seçilən
15
50
teleqraf.com

10Mənbələr