AZ

Zelenskini dəstəkləmək üçün Vaşinqtona gedən Avropa liderləri buna nail ola biləcəklər?

Trampın şəxsi münasibətləri görüşün nəticəsinə təsir göstərə bilər...

Poliqon xəbər verir ki, bazar ertəsi bir neçə Avropa lideri Ukrayna prezidenti Vladimir Zelenskiyə dəstək məqsədilə ABŞ prezidenti Donald Tramp ilə görüşə qatılmaq üçün Vaşinqtona yola düşür. Analitiklərin fikrincə, Avropa liderlərinin Trampı inandırmaq imkanları onun onlara şəxsi münasibətindən ciddi şəkildə asılı olacaq.

Bəs Zelenskinin müdafiəsinə gedən Avropa liderlərinin Trampla münasibətləri necədir?

Böyük Britaniyanın baş naziri Kir Starmer Tramp tərəfindən xüsusi rəğbət bəslənən liderlərdən biridir. İyul ayında Şotlandiyada səfərdə olarkən Tramp Starmeri tərifləyərək, London və Vaşinqton arasındakı “xüsusi münasibətlərdən” danışmışdı.

İtaliyanın baş naziri Corcia Meloni haqqında Tramp “fantastik qadın” ifadəsini işlədib. Meloni Trampın yanvar ayında keçirilən inauqurasiyasında iştirak edən yeganə Avropa lideri olmuşdu. Onları ortaq mövqelər – miqrasiya siyasətinə qarşı sərt yanaşma və sağçı sosial baxışlar birləşdirir.

Almaniya kansleri Fridrix Merts də Trampın diqqətini qazanmağı bacaran liderlərdəndir. O, vəzifəyə gəldikdən qısa müddət sonra ilk səfərlərindən birini Vaşinqtona etmiş, Trampa Bavariyada doğulan babasının şəhadətnaməsini hədiyyə etmiş və “almanların amerikalılara borclu olduğunu” söyləmişdi. Görüşdən sonra Tramp Merts ilə dost olduqlarını bildirərək, keçmiş kansler Angela Merkeli ikisinin də bəyənmədiyini əlavə etmişdi.

Finlandiya prezidenti Aleksandr Stubb Tramp ilə şəxsi yaxınlıq quran liderlərdən biridir. O, Trampın Floridadakı şəxsi golf meydançasında onunla birlikdə oyun oynayan yeganə Avropa lideridir.

Fransa prezidenti Emmanuel Makron isə Trampın ilk prezidentlik dövründə olduğu kimi indi də ABŞ lideri ilə isti münasibətlər saxlayır. Hətta Tramp bəzən Makronla zarafatlaşsa da, sonuncu dəfə Ağ Evdə keçirilən görüşdə fransız liderin “mənim əlaqələrimdə xüsusi yer tutduğunu” bəyan edib.

NATO-nun baş katibi Mark Rutte də Trampa qarşı xoş münasibəti ilə seçilir. O qədər ki, Tramp Ruttenin ona ünvanladığı “əziz Donald” müraciəti ilə yazılmış məktubu öz sosial şəbəkə hesabında ictimaiyyətə göstərib.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen isə Trampın diqqət mərkəzində olmayan liderlərdəndir. O, bir müddət əvvəl ABŞ-la Avropa İttifaqı arasında tariflər mövzusunda aparılan danışıqlarda Aİ-nin “zəif tərəfi” kimi qiymətləndirilmişdi. Buna baxmayaraq, son görüşdə Tramp onun haqqında “biz onu çox hörmətlə qarşılayırıq” sözlərini işlədib.

Müşahidəçilərin fikrincə, Zelenskinin Vaşinqtondakı görüşündə Trampın Avropa liderlərinə qarşı şəxsi rəğbəti Ukrayna üçün diplomatik nəticələrin tonunu müəyyənləşdirə bilər.

Poliqon.info

Seçilən
78
50
poliqon.info

10Mənbələr