AZ

Trampın Ukrayna ilə bağlı çıxışı: Bu, beynəlxalq təhlükəsizlik üçün ciddi siqnaldır

ABŞ-ın keçmiş prezidenti Donald Trampın son bəyanatları beynəlxalq gündəmi yenidən silkələdi. Onun Ukraynanın işğal olunmamış ərazilərinin Rusiyaya verilməsini dəstəkləyən açıqlamaları həm Kiyevdə, həm də Avropada ciddi narahatlıq doğurub. Politoloq Azər Qasımov Editor.az-a açıqlamasında Trampın bu mövqeyinin beynəlxalq hüquqa və regional sabitliyə yaratdığı təhdidlər barədə danışıb.

Politoloq bildirib ki, Tramp yenə də əvvəlki mövqeyinə qayıdıb:

“Hakimiyyətə gəldiyi vaxtlarda Putinin dediklərinə necə uyğun davranırdısa, indi də həmin xətti təkrarlayır. Ukraynanın torpaq itkisi ilə barışmalı olduğu fikrini ortaya atır. Halbuki bu, artıq tarixə qovuşmuş mövzudur.

Bir vaxtlar beynəlxalq ictimaiyyət Trampın sözlərinin çəkisi olduğuna inanırdı. Amma indi görünür ki, o, öz mövqelərində sabit deyil və tez-tez fikirlərini dəyişir. Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyaya verilməsi ideyası əslində beynəlxalq hüququ ayaqlar altına atmaq, regional təhlükəsizliyi riskə atmaq və işğalçı Rusiyaya yeni imkanlar qazandırmaq deməkdir. Moskva bu yanaşmanı qarşı tərəfin zəifliyi kimi qiymətləndirəcək və gələcəyə yönəlik yeni işğal planları qurmağa cəsarətlənəcək.

Qərb isə istəsə belə, Ukraynaya dəstəyini azalda bilməz. Çünki bu, onların öz dəyərlərinin də inkarı və beynəlxalq nizamın dağılması anlamına gələcək. Belə bir ssenari bütün dünyanı xaosa sürükləyə bilər”.

“Rusiyanın yeni geosiyasi balans yaratmaq gücü yoxdur. O, hərtərəfli şəkildə Qərbdən zəifdir. Sadəcə nüvə silahı faktoru ölkələri ehtiyatlı davranmağa məcbur edir. Mən hesab edirəm ki, Rusiya hansı yollara əl atsa da, məqsədinə çatmayacaq. Müharibə uzandıqca Moskva daha da zəifləyəcək və sonda geri çəkilməyə məcbur olacaq”,- deyə A.Qasımov sonda qeyd edib.

 

//Gülnarə Abasova, Editor.az

Seçilən
50
43
editor.az

10Mənbələr