ain.az bildirir, Gununsesi portalına istinadən.
Tehran Universitetinin professoru, arxeoloq Həsən Fazeli İranın televiziya kanallarından birinə verdiyi müsahibədə Xəzər dənizinin adını bəyənmədiyini bildirib.
O, dənizə bu adın guya yəhudilər tərəfindən verildiyini iddia edərək “Xəzər” sözünün işlədilməməsinə çağırış edib və alternativ olaraq “Mazandaran gölü” adının istifadəsini təklif edib.
Son illərdə bu mövzu ilə bağlı İran rəsmiləri dəfələrlə bənzər fikirlər səsləndiriblər.
Bəs bu iddiaların arxasında İranın hansı məqsədləri və planları dayanır?
Gununsesi.info-ya danışan Azərbaycan-İran parlamentlərarası İşçi Qrupunun üzvü, deputat Ceyhun Məmmədov vurğulayıb ki, bu iddiaların, bu yanaşmaların heç bir əsası yoxdur:
“Cənab Prezident İranda olanda da İran rəsmiləri, İran tərəfi belə bir cəhd göstərmişdi. Belə bir cəhdin cavabını Ulu Öndər vaxtilə böyük müdriklik və uzaqgörənliklə həmin şəxslərə layiqli cavabını vermiş, onların yerini göstərmişdi və bildirilmişdi ki, ümumiyyətlə belə bir ad yoxdur.
“Xəzər” adı bütün dünyada qəbul olunmuş bir addır və bu adın kimlənsə, hansısa başqa millətlə, xalqla heç bir əlaqəsi yoxdur. Bu adı dəyişmək də qeyri-mümkündür. Yəni, bu ad artıq dünyada qəbul olunub və hamı bu formada bilir və tanıyır.
Ona görə də burada hansısa formada yeni yanaşmaya, yeni baxışa, yeni düşüncəyə ehtiyac yoxdur. Bu, hansısa professorun fikri ilə dəyişəcək bir ad və ya məsələ deyil. Yaxşı olar ki, İran tərəfi gündə bir yeni təxribatla çıxış etməyə son qoysun.
Yəni, məsələlərə soyuqqanlılıqla, məsuliyyətlə yanaşsınlar. Bu cür baxışlara, bu cür yanaşmalara və təhlillərə son qoymaq lazımdır. Bu, əsassız və məntiqsiz bir yanaşmadır. Yeni məsələlərə vaxt itirməyin də mənası yoxdur”.
Gununsesi.info-ya danışan Azərbaycan-İran parlamentlərarası İşçi Qrupunun üzvü, deputat Aydın Mirzəzadə mövzunu belə şərh edib:
“Bir nəfərin nədənsə narazı olması, hələ cəmiyyətin, böyük bir toplumun narazı olması deyil. Xəzər dənizinin isə artıq tarixən formalaşmış İngilis, Rus və Türk variantları var. Türk dillərində də bu dənizin adları mövcuddur. Qərb dünyasında o, “Kaspiy”, Şərq dünyasında isə “Xəzər” adlanır. Tarixən başqa adları da olub, ancaq bu iki ad artıq bu böyük dənizin adında oturuşubdur və bunun dəyişdirilməsi qeyri-mümkün məsələdir.
Coğrafi adlar minillərlə formalaşır, tarixin süzgəcindən keçir və həmin regionda yaşayan xalqlar, eyni zamanda dünyanın müxtəlif bölgələri bu adı olduğu kimi qəbul edirlər. “Xəzər” adı da tarixən bu zonada yaşanır və Xəzər tayfalarının adından götürülür. Görünür, çox mühtəşəm və nüfuzlu tayfa olub ki, dəniz də onun adı ilə adlanıb.
“Xəzər” adı təkcə dəniz kimi deyil, eyni zamanda dəniz ətrafı zonanın adı kimi də möhkəmlənib. Bu gün “Xəzər” adı həm şəxs adlarında, həm də şirkət və gəmi adlarında yaşayır. Və bu ad bundan sonra da minillərlə yaşayacaqdır.
Bu ad artıq çox ciddi şəkildə “pasportlaşıb” və bir simvol kimi, tariximizin dəyərli bir hissəsi kimi yaşayacağı gün kimi aydındır”.
\
Şəbnəm Rəhimova
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.