AZ

73 yaşlı jurnalistin həyatı təhlükədə - TƏBİB komissiyası pulsuz dializi 3 həftədir gecikdirir...


Surxay Əliyev: “İki həftədən artıq vaxt keçməsinə baxmayaraq, təəssüf ki, hələ də dializ komissiyasından səs-soraq yoxdur, məni hələ də ödənişsiz dializ müalicəsinə çağırmayıblar”

Azərbaycanda səhiyyə sistemində illərdən bəri davam edən bürokratik halların tam sıradan çıxmaması təəssüf doğurur. Bəzən qanunvericiliyə əlavə edilmiş yersiz müddəları əllərində bayraq tutub xəstələri, xüsusən də maddi sıxıntısı olan ağır xəstələri qapı-qapı salırlar.

Uzun illər müxtəlif mətbuat orqanlarında işləyən “Bakı-Xəbər” qəzetinin əməkdaşı 1952-ci il təvəllüdlü Surxay Bilal oğlu Əliyev ağır dializ xəstəsidir və onun ən böyük problemi dövlətin təqdim etdiyi ödənişsiz dializ imkanlarından istifadə edə bilməməsidir. Maddi cəhətdən sıxıntılar içində olan, lakin abrına qısılıb heç bir qapını döyməyən qocaman jurnalistimiz dializ xəstəsidir və hələ də normal müalicə ala bilmir. Onun da müalicə prosesi dializdən keçir. Çox ağır vəziyyətdə olan S.Əliyev iki həftə əvvəl ödənişsiz dializ xidmətindən yararlanmaq üçün 1 saylı Tibbi Klinik Xəstəxanasındakı dializ komissiyasına müraciət edib və komissiyadan ona iki həftədən sonra çağırılacağı vəd edilsə də, təəssüf ki, hələ də komissiyadan bir səs-soraq yoxdur. Qocaman jurnalistin vəziyyəti isə get-gedə daha da ağırlaşır, hər gün yüksək qan təzyiqi ilə mübarizə aparır, görməsində və yaddaşında ciddi əngəllər yaranıb. Onun bu xəstəliyinin ağırlaşmasının səbəbi isə dializ müalicəsi ala bilməməsi, qarşılaşdığı bürokratik süründürməçilikdir.

“Özəl klinikada dializ müalicəsinin hər seansının qiyməti 120 manatdır, mənim isə buna imkanım yoxdur”

Ömrünü Azərbaycan mətbuatına, ictimai həyatına həsr edən, dövlətçiliyə təmənnasız xidmət edən S.Əliyevin bu vəziyyəti bizim ürəyimizi ağrıdır, amma əlaqədar qurumlar, xüsusilə də TƏBİB, Səhiyyə Nazirliyi onun ağır vəziyyətinə biganə yanaşır. Əlbəttə, onun kimi pulsuz dializ müalicəsi almaq üçün növbə gözləyən ağır xəstələr çoxdur, bu xəstələrə isə hər şeydən əvvəl həssas münasibət bəslənilməlidir.

Surxay Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, özəl kilinkalarda ödənişli dializ müalicəsinin qiyməti çox bahadır, hər seans üçün 120 manat pul tələb olunur ki, onu da verməyə maddi imkanı yoxdur. S.Əliyev deyir ki, iyunun 6-da özəl klinikalardan birində qan analizi verib və məlum olub ki, onun prostat vəzində şiş var və həmin şişin xoş xassəli, yaxud bədxassəli olduğunu müəyyən etmək üçün biopsi etdirmək lazım olub. “Lakin bu maliyyə baxımından imkanlarım xaricində olduğu üçün başqa yollar axtardım. Həm də öyrəndim ki, həmin xəstəliyin əməliyyatı, müalicəsi minlərlə manat vəsaitə başa gəlir. Təxminən keçən ayın 23-də Mərdəkandakı 26 nömrəli poliklinikaya getdim, xəstəliyimi bir də dəqiqləşdirmək üçün qan analizi verdim. Bu dəfə ikinci bir ciddi xəstəliyim üzə çıxdı. Demə ki, məndə böyrək çatışmazlığı da varmış. İyulun 25-də analizin cavabını alıb orda işləyən Elmira həkimin yanına getdim, o da həyacan təbili çaldı ki, artıq sənin böyrəklərin işləmir, tamamilə dayanıb. O mənə, hardasa, 300 manatlıq dərman yazdı, dərmanları qəbul etdim, amma bütün müalicələrim daşa dəydi, heç cür düzəlmədim. Hər gün təzyiqim qalxır, özümü pis hiss edirəm.

Elə gün olurdu üç-dörd dəfə təcili yardım çağırırıq. Həmin günlərdə məni təcili yardım 1 saylı tibbi klinik xəstəxanaya (Semaşko) apardı. Orda yardım göstərib evə buraxdılar, amma xəstəlik davam edir.

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev yardım əlini uzatdı və mən Klinik Uroloji Xəstəxanaya getdim. Xəstəxananın baş həkimi məni çox yaxşı qarşıladı. Səhv etmirəmsə, adı Nicat Kərimovdur. 26 nömrəli poliklinikada yazılan reseptə baxdı, dedi ki, bununla sağala bilməzsən. Bu xəstəliyin müalicəsi dializdir, siz dializə gedin.

Mən Uroloji Xəstəxananın dializ şöbəsinin müdiri Hafiz Ağayevin yanında oldum. Ancaq maraqlıdır ki, xəstəxanada homodializ şöbəsi var, amma cihazın özü yoxdir. Bəlkə də var, mən bilmirəm, mən görmədim.

Urologiya xəstəxanasından məni Universal özəl klinikasına göndərdilər. Orada da məni yaxşı qarşılasalar da dializ müalicəsi üçün məndən ödəniş tələb etdilər. Onların dediyindən belə başa düşdüm ki, mən həftədə 2-3 dəfə dializ seansı keçməliyəm və özəl klinikada da dializ müalicəsinin hər seansının qiyməti 120 manatdır, mənim isə buna imkanım yoxdur. Hər seans 120 manatdır və bu da təxminən 1500 manata yaxın pul edir və bu da mənim ümumi aylıq qazancımdan 3-4 dəfə çoxdur. Nəvəm kömək etdi, bir neçə dəfə dializə getdim”.

S.Əliyev görüb ki, özəl xəstənada dializ müalicəsinə pul çatdıra bilməyəcək, avqustun 4-də 1 saylı Klinik Tibbi Mərkəzə (Semaşko) gedib. “Orda mənə dializ komissiyasına arayış verildi. Dializ komissiyasından mənə dedilər ki, ən geci iki həftəyə sizə cavab veriləcək və hər şey həll olunacaq. İki həftədən artıq vaxt keçməsinə baxmayaraq, təəssüf ki, hələ də dializ komissiyasından səs-soraq yoxdur, məni hələ də ödənişsiz dializ müalicəsinə çağırmayıblar. Mənim pullu dializ götürmək imkanım yoxdur. Jurnalist kimi aylıq gəlirim bu müalicələri qarşılamağa yetmir.

Bilirsiz ki, bir sıra qəzetlərdə, mətbuat orqanlarında işləmişəm. Jurnalist kimi ilk əmək fəaliyyətinə Yeni Azərbaycan Partiyasının orqanı olan "Yeni Azərbaycan" qəzetində başlamışam. Sonucu iş yerim "Bakı-Xəbər"dir. Həmişə təmənnasız olmuşam, demək olar ki, özüm üçün yaşamamışam.

Hətta tanınmış folklorşünas alim Əli Şamil mənə bir neçə dəfə deyib ki, sən bir çox partiya sədrlərindən çox bu dövlətə, bu iqtidara xidmət etmisən, sən etdiklərini yaz, mən çap etdirim, ancaq mən etməmişəm. Çünki belə çıxırdı ki, mən yazıb özümü tərifləməli idim, bu da mənim xarakterimə uyğun deyil. Dövlətimə münasibətdə həmişə təmənnasız olmuşam və hesab etmişəm ki, vaxt gələr dövlətim də mənə təmənnasız olar.

Amma baxıram ki, bu gün çox qapılar üzümə bağlıdır, hara gedirsən, pul varsa irəli gedirsən, yoxdur qalırsan. Bax, bu vəziyyətdəyəm. Heç kəsdən kömək istəməmişəm. Çünki sadəcə görmək istəyirəm ki, mənə kimlərinsə qayğısı var. Dövlət qarşısında xidmətlərimin əvəzini yox, onun kiçik bir qarşılığını istəyirəm. Bu gün mənim dializ müalicəsinə ciddi ehtiyacım var”.

Aidiyyəti komissiya S.Əliyevin müraciətinə baxmağı ləngidir, onun dializ müalicəsi alması imkanlarını daraldır. Bu halda 73 yaşlı qocaman jurnalist hər seans üçün 120 manat pulu hardan alsın ki, gedib özəl klinikalarda dializ müalicəsi alsın? TƏBİB, Səhiyyə Nazirliyi niyə bu məsələləri diqqətdə saxlamır? Bu ağır vəziyyətdə olan xəstə jurnalist nə vaxta qədər pulsuz dializə çağırılacağı günü gözləməlidir?

Əməkdaşımızın ödənişsiz dializ müalicəsi alması istiqamətində üzləşdiyi çətinliklə və dializ komissiyasının hələ də onu müalicəyə cəlb etməməsi ilə bağlı TƏBİB-lə əlaqə saxladıq. TƏBİB-dən bildirdilər ki, xəstənin əvvəlcə özəl klinikada ödəniş müqabilində dializ müalicəsi götürməsində qanuna zidd heç nə yoxdur. Dedilər ki, əgər xəstə ilk dializ müalicəsi almalıdırsa, Dövlət Proqramına əsasən ilk növbədə özəl tibb müəssisəsində müalicə almalıdır, ondan sonra Dövlət Proqramı ilə pulsuz təmin olunacaq. TƏBİB-dən açıq-aydın deyildi ki, xəstənin özəl klinikada pullu müalicə alması Dövlət Proqramından irəli gəlir.

Dövlət Proqramında belə bir tələbin olması təəssüf doğurur. Belə çıxır ki, xəstə özəl klinikalarda müalicə prosesi keçmədən pulsuz dializ müalicəsindən istifadə edə bilməz. Bu xəstənin sosial cəhətdən imkansızlığı, kasıblığı, müalicəyə pulunun olmaması Dövlət Proqramında nəzərə alınmayıbsa bəs onda bu xəstələr nə etsin? Aidiyyəti qurumlar Dövlət Proqramını əllərində bayraq edib bu cür laqeyd münasibət sərgiləyirsə, onda bu qədər sənəd qəbul etmək, qanuna əlavə və dəyişikliklər salınması nəyə lazımdır?

Biz TƏBİB-ə müraciət etdik, indi cavab gözləyirik. Görək əməkdaşımızı nə vaxt pulsuz müalicəyə cəlb edəcəklər... Gözləyək...

Leyla QARAXANLI

Seçilən
133
29
baki-xeber.com

10Mənbələr