BAKI, TurkicWorld, Səməd Əyyubov
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin daha dörd nümayəndəsinə qarşı sanksiyalar tətbiq edib.
TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyi məlumat yayıb.
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, məhdudiyyətlər Kanada vətəndaşı hakim Kimberli Prost, Fransa vətəndaşı hakim Nikola Giyu, həmçinin Fici vətəndaşı prokuror müavini Şamim Xan və Seneqal vətəndaşı prokuror müavini Mame Mandiyaye Nianqa şamil olunub. Rubionun sözlərinə görə, bu addımın əsas səbəbi Məhkəmənin ABŞ və ya İsrail vətəndaşlarının fəaliyyətlərini araşdırmaq, onların həbs edilməsi və ya saxlanılmasına, məhkəmə qarşısına çıxarılmasına cəhd göstərməsidir. O, Məhkəməni “iflas etmiş institut” adlandırıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi hazırkı administrasiya, artıq bir neçə dəfə Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edib. Fevralın 6-da Tramp Məhkəmənin rəsmilərinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan fərmanı imzalayıb. ABŞ hökuməti Məhkəməni Vaşinqton və onun müttəfiqlərinə, xüsusilə İsrailə qarşı qanunsuz addımlar atmaqda ittiham edir. ABŞ-ın mövqeyinə görə, Məhkəmə səlahiyyətlərindən sui-istifadə edərək İsrailin baş naziri Benyamin Netanyahunun və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə dair "əsassız orderlər" verib. Fərmana əsasən, ABŞ vətəndaşları və onların müttəfiqlərinə qarşı aparılan istintaqlarda iştirak edən Məhkəmə əməkdaşlarına və onların ailə üzvlərinə maliyyə və viza məhdudiyyətləri tətbiq edilə bilər.