AZ

Kəlbəcər azad və firavan yaşayış məskəninə çevrilir

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura mütəmadi səfərləri  bərpa-quruculuq işləri ilə tanışlıqla bərabər, yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Belə ki, avqustun 21-də  Kəlbəcər və  Ağdərə rayonlarına səfər çərçivəsində açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi, həmçinin görülən işlərlə tanış olduğu sosial obyektlərin say tərkibinin genişliyi xüsusi diqqət çəkdi. Prezident  İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış oldular.  Dövlətimizin başçısı bu yolun 13,5-ci kilometrliyində inşa edilmiş və uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışını etdi.

Xatırladaq ki, Prezidentin əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən ən mühüm infrastruktur layihələrindən biri də uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Bu yolun 56 kilometrini Toğanalı-Kəlbəcər hissəsi, 26 kilometrini isə Kəlbəcər-İstisu hissəsi təşkil edir. Avtomobil yolunun 13,5-ci kilometrliyindən Murovdağ silsiləsi başlayır. Beləliklə, yolun ən mühüm hissəsi Murovdağ silsiləsindən keçir. Burada yüksəklik 1700 metrdən 3250 metrədək artır. Qış fəslində avtomobil yolunun təhlükəsiz istismarı üçün Murovdağ silsiləsinin altından tunelin tikintisi məqsədəuyğun hesab edilib. Murovdağ tuneli dünyanın ən uzun avtomobil tunellərindən biridir.

Yəni, uzunluğuna görə bu tunel dünyada 18-ci, Avropada 5-ci, MDB ölkələri arasında isə birincidir. Tunel iki gediş və iki gəliş olmaqla 4 hərəkət zolaqlı olacaq. Tuneldə qazma, həmçinin sağ və sol hissələri birləşdirən 38 keçid tuneli üzrə işlər artıq başa çatdırılıb. Layihə çərçivəsində Murovdağ tunelindən əlavə ümumi uzunluğu 2636 metr olan daha dörd tunel də tikilir. Bu tunellərdə əsas tikinti işləri, o cümlədən qazma, kəmər-beton və digər texniki işlərin çoxu artıq yekunlaşdırılıb. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində ümumilikdə işlərin 87 faizi icra olunub. Bu avtomobil yolu Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq işğaldan azad edilmiş Kəlbəcərdən keçir və məşhur İstisu istirahət zonasına qədər uzanır. Yol rayon mərkəzi ilə yanaşı, bölgənin yaşayış məntəqələrinə rahat və təhlükəsiz nəqliyyat əlaqəsini təmin edəcək, kənd təsərrüfatının, turizmin inkişafına töhfəsini verəcək.

Kəlbəcər kimi mürəkkəb coğrafi şəraitdə bu cür strateji əhəmiyyətə malik layihənin icrası bir daha sübut edir ki, ölkəmizin başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş rayonlarımızın qısa müddətdə bərpası, o cümlədən həmin bölgələrimizdə müasir yol-nəqliyyat infrastrukturunun yaradılması Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Ən önəmlisi isə odur ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimində, Kəlbəcər rayonunun Vəng kəndində “AzərEnerji” ASC-nin “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışında iştirak etdilər, Ağdərə rayonunun Kolatağ kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış oldular, Ağdərə rayonunun Vəngli kəndində Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşdülər. Dövlətimizin başçısı Kəlbəcər şəhər parkının, Kəlbəcər şəhərində 3-cü yaşayış kompleksinin təməlini qoydu, “Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak etdi.

Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşündə dövlət başçısı İlham Əliyev bir daha diqqəti 30 illik işğal dövrünün reallıqlarına yönəldərək müxtəlif ölkələr tərəfindən vaxtilə Ermənistana pulsuz silah verilməsinin məqsədini də açıqladı. Qeyd etdi ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində məhv etdiyimiz və hərbi qənimət kimi götürdüyümüz Ermənistan ordusuna xaricdən verilən silahların qiyməti təqribən 5-6 milyard dollar dəyərindədir. Təbii ki, Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi. Bütün bu silahlar onlara pulsuz verilirdi, bir məqsədlə ki, işğal davam etsin, bir məqsədlə ki, azərbaycanlılar heç vaxt öz dədə-baba torpaqlarına qayıtmasınlar, bir məqsədlə ki, Ermənistanla Azərbaycan arasında bu münaqişə sülh yolu ilə həll olunmasın.

İkinci Qarabağ müharibəsi və ondan sonra antiterror əməliyyatı ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsinə gətirib çıxardı, separatçıların kökü kəsildi. İndi hər yerdə quruculuq, bərpa işləri aparılır. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bildirir ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək. Ümumiyyətlə, ilin elə bir ayı yoxdur ki, dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfəri olmasın. Bu səfərlərin hər biri Böyük Qayıdış Proqramının icrasının uğurla başa çatacağına, soydaşlarımızın bütünlüklə öz doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyi artırır. Əsas hədəf Böyük Qayıdış Proqramının icrasının birinci mərhələsi başa çatanadək 140 min keçmiş məcburi köçkünü doğma yurd-yuvasına qaytarmaqdır. Bu fakt ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir göstəricisidir. Hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgələrdə reallaşdırılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 minə yaxın insan yaşayır.

Bir sözlə, indi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında gedən tikinti-quruculuq işləri kesmiş məcburi köçkünlərə firavan həyat bəxş etməklə bərabər, həm də onlarda dövlətimizə və onun gələcəyinə böyük inam yaradır.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri

Seçilən
55
5
ikisahil.az

10Mənbələr