Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Abşeron rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu ərasizində fəaliyyət göstərən fiziki şəxs Sakit Hüsi oğlu İbrahimova məxsus içməli su istehsalı müəssisəsində 19 litrlik qablaşdırılmış sudan götürülmüş nümunənin müayinəsi nəticəsində uyğunsuzluq aşkarlanıb.
Bu barədə Xezerxeber.az-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar müəssisədə keçirilmiş plandankənar yoxlama zamanı temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, müvafiq təmizlik işlərinin görülmədiyi müəyyən edilib.
Aşkarlanmış uyğunsuzluq, eləcə də sanitar-gigiyenik və sanitar-texniki nöqsanlarla bağlı müəssisənin fəaliyyəti müvəqqəti dayandırılıb, rəhbəri barəsində inzibati protokol tərtib olunub. Araşdırmalar davam etdirilir.