AZ

Xarici siyasətimizin başlıca prioritetlərindən biri

Zəngin karbohidrogen ehtiyatlarına malik olan, eyni zamanda neft-qaz resurslarının işlənməsində böyük təcrübə qazanan Azərbaycan  regional və qlobal əhəmiyyət daşıyan mühüm  enerji layihələrini reallaşdırmağa nail oldu. Şaxələndirilmiş uğurlu enerji siyasəti ölkəmizə  böyük iqtisadi və siyasi dividendlər gətirməklə yanaşı, tərəfdaş ölkələrin də enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Məhz ölkəmizin şaxələndirilmiş enerji siyasəti, təşəbbüsləri sayəsində hazırda Xəzər hövzəsi bir sıra ölkələr, Asiya ilə Avropa arasında qarşılıqlı faydalı əməkdaşlıq məkanına çevrilib. Ölkəmizin şaxələndirilmiş uğurlu enerji siyasətinin əsası Ümummilli Lider Heydər Əliyevin  böyük səyləri hesabına 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə qoyuldu. 1993-cü ildə Ulu Öndərin  xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın həyatında yeni mərhələnin başlanğıcı oldu. Bu gün Onun müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayırıq. Hazırda Azərbaycan yalnız neft deyil, qaz, elektrik enerjisi ixracatçısı kimi tanınır.

Prezident İlham Əliyev bu günlərdə Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Azərbaycanın enerji siyasətinin uğurlarından geniş bəhs etdi. Bildirdi ki, enerjiyə gəlincə, bəli, bizim təbii qaz üçün əsas istiqamətimiz Avropadır. Biz 10 Avropa ölkəsini qazla təmin edirik. Onların 8-i Avropa İttifaqının üzvüdür. Beləliklə, bu ölkələr üçün Azərbaycan qazı onların enerji təhlükəsizliyində həqiqətən də mühüm rol oynayır və bu rol artacaq: “Mən artıq qarşıdan gələn illər üçün planlarımızı açıq elan etmişəm. Biz 2030-cu ilədək bu gün sahib olduğumuzdan əlavə 8 milyard kubmetr təbii qazı əmin şəkildə təmin edəcəyik. Məsələ onun necə, hansı istiqamətdə istifadə olunmasıdır”. O da vurğulandı ki, təbii ehtiyatlarımızla Yaxın Şərqə daxil olmaq bizim üçün ilk təcrübədir.  Suriyaya qazın həcmini artıra bilərik. Biz, həmçinin Ərəb Qaz Kəməri, yaxud başqa mübadilə əməliyyatları vasitəsilə digər ölkələri qazla təchiz edə bilərik. Biz, həmçinin enerji resurslarının ticarətini həyata keçiririk. Biz neft və qazımızı satmaqla yanaşı, beynəlxalq ticarətçi kimi fəaliyyət göstəririk. “Bizim potensialımız təsəvvür ediləndən daha böyükdür. Bu nöqteyi-nəzərdən düşünürəm ki, bu, mühüm amildir” deyən cənab İlham Əliyev bildirdi ki, Yaxın Şərq ölkələri ilə, əsasən Körfəz Əməkdaşlıq Ölkələri ilə əməkdaşlığa gəlincə, əlaqələr çox yaxşıdır - dostcasına və nəticəyönümlüdür.

Bu ölkələrlə çox güclü tərəfdaşlığımız var. Bərpaolunan enerjidə əsas sərmayədarlar Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanından olan şirkətlərdir. Onlar bizim əsas sərmayədarlardır. Onlar indi investisiya yatırırlar. Bu çağırış da səsləndirildi ki, bərpaolunan enerji potensialımız aşağı qiymətləndirilməməlidir. İmzalanmış müqavilələrə və BƏƏ, Səudiyyə Ərəbistanı və Çindən yatırılan investisiyalara əsasən, biz 2030-cu ilədək 6 giqavat Günəş və külək enerjisinə sahib olmağı planlaşdırırıq. Bundan əlavə,  Qarabağda fəal şəkildə su elektrik stansiyaları inşa edirik. Artıq demək olar ki, 300 meqavat enerji əldə etmişik. Beləliklə, bu, Azərbaycanla Körfəz Əməkdaşlıq Ölkələri arasında əlaqələrin mühüm tərkib hissəsidir. Çünki bizim faydalı qazıntı yanacağımız var, həmçinin biz bərpaolunan enerji üzərində fəal şəkildə işləyirik. Biz birlikdə bir çox yaxşı layihələr həyata keçirə bilərik. BƏƏ-nin çox mühüm enerji şirkəti ADNOC Xəzər dənizində bizim ən böyük qaz yataqlarımızdan birinin səhmdarı olub.

Eyni zamanda, SOCAR BƏƏ-də neft hasilatı layihələrindən birinin səhmdarı olub. Hazırda  geniş əməkdaşlıq portfeli üzərində işin həqiqətən fəal mərhələsindəyik. Siyasi əlaqələr mükəmməldir. Azərbaycan  əsas diqqəti enerji və digər sahələrdə - mehmanxana işi, turizm, kənd təsərrüfatında praktiki investisiya layihələrinə yönəldir. Beləliklə, bir çox layihələr reallaşma mərhələsindədir.  Səudiyyə Ərəbistanının aparıcı şirkətlərindən biri Xəzər sahilində suyun duzsuzlaşdırılması zavodunun inşasında tərəfdaş kimi seçilib.  Bu, kənd təsərrüfatı, eləcə də insanlar üçün çoxlu imkanlar yaradacaq. Bu, xarici siyasət gündəliyimizin böyük bir hissəsidir.  Körfəz ölkələri ilə əməkdaşlıq xarici siyasətimizin başlıca prioritetlərindən biridir. Ümumilikdə Azərbaycanın uğurlu enerji siyasəti yeni dostlar və tərəfdaşlar qazanmasında əhəmiyyətli rol oynayır.

Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri

Seçilən
31
10
ikisahil.az

10Mənbələr