Bakı, 4 sentyabr, AZƏRTAC
Qazax rayonunun Daş Salahlı kənd sakini Aytac Əliyevanın ölümü ilə bağlı aparılmış araşdırmanın nəticələrindən narazılığını ifadə edən mərhumun atası Asif Qurbanovun media vasitəsilə yayımlanmış müraciəti ilə bağlı bildiririk ki, Aytac Əliyevanın bu il yanvarın 12-də intihar etməsi faktı üzrə Qazax rayon prokurorluğunda aparılan araşdırma zamanı hadisə yerinə və meyitə baxış keçirilib, zəruri ekspertizalar təyin olunaraq nəticələri əldə edilib, müvafiq sorğular və əməliyyat tapşırıqları verilib, hadisənin birbaşa şahidləri, zərərçəkmişin valideynləri, eləcə də təcili tibbi yardım əməkdaşlarının izahatları alınıb.
Araşdırmalar nəticəsində Aytac Əliyevanın əri ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı gəmirici əleyhinə dərman içərək, daha sonra bıçaqla xəsarət yetirməklə özünü öldürdüyü müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
“Qeyd olunan fakt həmin vaxt orada olmuş zərərçəkmişin qohumlarının, o cümlədən şahidlərinin izahatları, müvafiq ekspertiza rəyləri və digər təkzibolunmaz dəlillərlə öz təsdiqini tapıb.
Toplanmış materiallar əsasında avqustun 2-də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə (cinayət hadisəsinin baş verməməsi) əsasən cinayət işinin başlanması rədd edilib. Həmin qərardan verilmiş şikayət Qazax rayon məhkəməsinin 2025-ci il 27 avqust tarixli qərarı ilə əsassız hesab olunub, qərar qüvvədə saxlanılıb.
Bir daha media qurumlarından xahiş olunur ki, məlumat və müraciətlərin ictimaiyyətə təqdim edilməsindən əvvəl onların rəsmi dövlət qurumları ilə dəqiqləşdirilməsinə diqqət yetirilsin”, - deyə Baş Prokurorluğun məlumatında qeyd olunub.