AZ

Orbanın dəstək mesajına Polşadan SƏRT REAKSİYA – “Xeyr, Viktor...” – FOTO

Macarıstan Baş naziri Viktor Orban, Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının Polşa hava məkanını pozmasından sonra Polşaya həmrəylik mesajı göndərib. 

Bizim.Media xəbər verir ki, Orban bu barədə “X” hesabında paylaşım edib. 

“Macarıstan Polşa ilə tam həmrəydir. Polşanın ərazi bütövlüyünün pozulması qəbuledilməzdir.


Bu hadisə, Rusiyaya qarşı müharibə fonunda sülh çağırışlarımızın məntiqli və əsaslı olduğunu göstərir. Müharibənin kölgəsində yaşamaq risklərlə doludur. Artıq bu müharibəni dayandırmağın vaxtı çatıb! Bu məqsədlə sülh üçün çalışan Prezident Donald Trampı dəstəkləyirik.”

Orbanın bu açıqlaması Polşa tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, Polşanın Xarici işlər naziri Sikorski Orbanın bu bəyanatına qarşı çıxıb:


“Xeyr, Viktor. Bu hadisə sənin artıq neytral qalmamalı olduğunu və Rusiyanın təcavüzünü qınamalı olduğunu göstərir. Müdafiə üçün Aİ fondlarını azad etməyini, təcavüzkara qarşı daha sərt sanksiyaları dəstəkləməyini və Ukraynanın üzvlük danışıqlarını başlatmağa qoyduğun vetonu geri çəkməyini tələb edirik”

Orbanın mesajı, son illərdə diplomatik münasibətlərin ən aşağı səviyyəyə endiyi Macarıstan–Polşa əlaqələrində istisna hal kimi dəyərləndirilib.

Qeyd edək ki, Varşava yaxın günlərdə Budapeştdən səfirini geri çağırmışdı. Gərginliyə səbəb isə Macarıstanın korrupsiya ittihamı ilə axtarılan keçmiş polyak ədliyyə nazirinin müavini Marçin Romanovskiyə siyasi sığınacaq verməsi, həmçinin Budapeştin Avropa İttifaqı daxilində Ukraynaya yardımlara qarşı çıxaraq Kiyevin üzvlük prosesini əngəlləməsi olmuşdu.

Xatırladaq ki, sentyabrın 9-dan 10-na keçən gecə Rusiya ordusuna məxsus zərbə dronları Polşanın hava məkanını pozub. Hadisə ilə bağlı Polşa hərbi hava qüvvələri təhlükənin qarşısını almaq üçün aviasiyanı havaya qaldırıb, dörd aeroport bağlanıb.

Polşa tərəfi PUA-ların zərərsizləşdirildiyini açıqlayıb.  

Polşa bu hadisədən sonra müttəfiqlərlə təcili məsləhətləşmələr üçün NATO-nun 4-cü maddəsinin işə salınmasını tələb edib. Hadisə, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalına başladığı vaxtdan bəri Polşa hava məkanına edilən ən ciddi pozuntu kimi qiymətləndirilib. Pilotsuz aparatların qalıqları Belarus sərhədinə yaxın ərazilərdə aşkar olunub.

Bizim.Media 

Seçilən
72
1
bizim.media

10Mənbələr