Məktəblərdə müəllimlər sinif otaqlarının təmirinə məcbur edilə bilməz.
Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə "Report"un sualını cavablandırarkən deyib.
O bildirib ki, bu tələb qanunsuzdur, ancaq müəllim sinif otağını könüllü təmir etmək istədikdə mümkün ola bilər:
"Məcburiyyət olarsa, həmin müəllimlər nazirliyə rəsmi şikayət yazır. Nazirliyin əməkdaşı direktorla söhbət aparır. Direktor isə səhv anlaşılma iddiası ilə çıxış edir. Arada konflikt yaranır. Amma məsələ birmənalı olaraq qanunsuzdur".