AZ

Azərbaycan TDT-nin Katibliyinin fəaliyyətinə dəstək məqsədilə 2 milyon dollar ayırıb

Azərbaycan Türk Dövlətləri Təşkilatının Katibliyinin fəaliyyətinə dəstək məqsədilə 2 milyon dollar ayırıb.

FED.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Bişkekdə Türk Dövlətləri Təşkilatının hökumət başçılarının və onların müavinlərinin ilk toplantısında bildirib.

Əli Əsədov deyib ki, bu gün müzakirə ediləcək məsələlər həm praktik, həm də çevik yanaşma tələb edən vacib mövzulardır: “Məlumdur ki, il ərzində TDT Sammitləri həm rəsmi, həm də qeyri-rəsmi formatda keçirilir. Hər yüksək səviyyədə keçirilən görüşlər, qəbul edilən hər bir qərar təşkilatımızın möhkəmlənməsinə, təsir imkanlarının artmasına, nüfuzunun gücləndirilməsinə və institusional inkişafına xidmət edir. Bbu qərarların icrasına nəzarət, monitorinq və qarşılıqlı məsləhətləşmə mexanizmləri təşkilatımızın təsir gücünü daha da artıracaq. Biz inanırıq ki, mövcud strukturların səmərəliyinin artırılması və institusional inkişafın gücləndirilməsi təşkilatımızın fəaliyyətini daha da şəffaf, çevik və nəticəyönümlü edəcək. TDT Dövlət Başçıları Şurasının 2025-ci ilin mayında Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşünün yekunu olaraq Katibliyin heyətinin və büdcəsinin artırılması ilə bağlı qəbul edilən qərarlar təşkilatımızın institusional güclənməsinə xidmət edir. Keçən ilin iyul ayının 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü zamanı Azərbaycan Respublikasının Prezidenti təşkilatın cari büdcəsinin və strukturunun ümumi hədəflərimizin reallaşdırılması üçün yetərli olmadığını bəyan edib. Ölkəmiz Katibliyin fəaliyyətinə dəstək məqsədilə 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüb. Əminəm ki, bu dəstək təşkilatımızın işinə öz müsbət töhfəsini verəcək”.

“Bizim əsas hədəflərimizdən biri qardaş ölkələrimizi iqtisadi və ticarət əlaqələri ilə daha sıx birləşdirməkdir. Ortaq layihələrimiz, nəqliyyat-logistika təşəbbüslərimiz, enerji və sənaye əməkdaşlığımız, humanitar və mədəni layihələrimiz təşkilatımızı gələcəkdə daha da güclü edəcək”, - deyə Baş nazir vurğulayıb. (Apa)

Seçilən
26
7
fed.az

8Mənbələr