AZ

Gəlir vergisi artırılır:

2026-cı ildən Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların ciddi şəkildə artacağı proqnozlaşdırılır. Rəsmi hesablamalara görə, dövlət büdcəsi gəlirlərinin 2 milyard 567 milyon manatının məhz gəlir vergisinin payına düşəcəyi gözlənilir. Bu isə 2025-ci illə müqayisədə 29,05 faiz çoxdur. Başqa sözlə, bu il vətəndaşlardan gəlir vergisi kimi yığılan hər 100 manatın əvəzinə, gələn il 129 manat 50 qəpik yığılacaq. Məsələyə münasibət bildirən iqtisadçı Əkrəm Həsənov Metbuat.az-a bildirib ki, gəlir vergisi ilə bağlı güzəşt davam etdirilsə də, əvvəlki kimi olmayacaq: “Bu isə o deməkdir ki, vergi yükünün bir hissəsi birmənalı şəkildə vətəndaşların üzərinə düşəcək. Maaşlar artmasa, vergilərin çoxalması nəticəsində insanların əlində daha az vəsait qalacaq. Digər tərəfdən, sahibkarlar işçilərin narazılığının qarşısını almaq üçün maaşları artırmağa məcbur ola bilərlər ki, bu da onların üzərinə əlavə maliyyə yükü qoyacaq. Nəticədə bəzi sahibkarlar xərcləri azaltmaq üçün iş yerlərini ixtisar edə, yaxud da maaşları yenidən qeyri-rəsmi şəkildə, qara mühasibatlıq yolu ilə verməyə başlaya bilərlər. Bu ehtimalların hər biri iqtisadiyyata mənfi təsir göstərə bilər. Bu kimi halların qarşısının alınması üçün daha sistemli tədbirlərə ehtiyac var”. Məsələyə Milli Məclisdə də münasibət bildirilib. Deputat Vüqar Bayramov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edərək qeyd edib ki, 2019-cu ildə tətbiq edilən güzəşt özəl sektorun inkişafına, məşğulluğun leqallaşmasına və əmək müqavilələrinin artmasına şərait yaratmışdı. Onun fikrincə, güzəştin bitməsi yeni risklər yaradır:
“Əgər güzəşt müddəti başa çatırsa və yeni vergi dərəcələri müəyyənləşdirilirsə, bu, kölgə iqtisadiyyatına qayıdışı stimullaşdırmamalıdır. Daha aşağı vergi dərəcələrinin tətbiqi və onların mərhələli şəkildə artırılması mexanizmi nəzərə alınmalıdır. Bu halda özəl sektor üçün əlavə yük yaranmaz”.İqtisadçı ekspertlərin fikrincə, 7 illik güzəşt dövrünün başa çatması həm vətəndaşların, həm də şirkətlərin vergi yükünü artıracaq. Əgər indiyədək məktəbdə çalışan müəllimlər gəlir vergisi ödəyirdilərsə, artıq özəl sektorda çalışan əməkdaşlar da eyni qaydada vergi ödəməli olacaqlar. Güzəşt dövründə vətəndaşların və şirkətlərin vergi yükü təqribən 7-8 faiz azalmışdısa, indi bu yük əvvəlki vəziyyətə bərpa olunacaq.Ekspertlər hesab edirlər ki, pensiya fonduna ödənilən 10 faiz payın 3 faizə enməsi şəxsi pensiya yığımlarını da azaldacaq. Nəticə etibarilə, həm vətəndaşların, həm də şirkətlərin üzərinə düşən vergi yükü artacaq və bu da əmək bazarında müəyyən dəyişikliklərə gətirib çıxara bilər.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
38
1
metbuat.az

10Mənbələr