Azərbaycan tam suverenliyini bərpa etdikdən sonra yeni çağırışlar meydana çıxır və bu çağırışlara Konstitusiya səviyyəsində cavab verilməlidir.
Ölkə.az xəbər verir ki, bunu “Konstitusiya və Suverenlik İli” çərçivəsində Dövlət Suverenliyi Gününə həsr edilən konfransda Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib.
Vitse-spiker bildirib ki, hər bir xalqın arzusu müstəqil və suveren dövlət qurmaqdır:
“Dünyada 5000-dən çox xalq və etnik qrup yaşayır. Azərbaycana isə suveren dövlətə sahib olmaq nəsib olub. İlk milli Konstitusiyamız 1995-ci ildə qəbul edildi. 1991–1993-cü illərdə Konstitusiyanı hazırlamaq mümkün olmadı. Mənim yaxşı yadımdadır, 1995-ci ildə qəbul edilən Konstitusiyanın hazırlanması üzrə İşçi Qrupunda biz də iştirak edirdik. Konstitusiyanın əsas qayəsi hər bir Azərbaycan vətəndaşının hüquq və azadlıqlarının konstitusion səviyyədə təsbit olunması idi”.
Ziyafət Əsgərovun sözlərinə görə, indiyədək Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı bir neçə referendum keçirilib:
“Bu dəyişikliklərin hər biri vətəndaşlarımızın hüquq və azadlıqlarının daha da möhkəmləndirilməsinə xidmət edib. Lakin yeni çağırışlar meydana çıxır və Konstitusiya səviyyəsində buna cavab verilməlidir”.
O əlavə edib ki, 2020-ci ildə Azərbaycan Vətən müharibəsində qalib gəlsə də, bəzi ərazilər hələ də ermənilərin əlində idi:
“Nəhayət, 2023-cü ilin sentyabrında Xankəndi, Xocavənd, Xocalı, Ağdərə və digər ərazilərdə bu məsələ birdəfəlik həll olundu və ölkəmizdə separatizmin kökü kəsildi. Suverenlik hər bir dövlət üçün müqəddəs anlayışdır. Bu gün Azərbaycan həm daxili, həm də xarici siyasətində tam suveren dövlətdir”.
Mürtəza