AZ

27 Sentyabr həm anım, həm də qürur günüdür

27 Sentyabr – Azərbaycan xalqının yaddaşına qanla yazılan, eyni zamanda şərəflə xatırlanan gün. Bu gün bizim üçün Vətən naminə canından keçənlərin, bir ömür boyu ürəklərdə yaşayan igidlərin Anım Günüdür.

27 Sentyabr Azərbaycan xalqının yaddaşına qanla, qəhrəmanlıqla və qürurla yazılmış bir tarixdir. 2020-ci ilin məhz 27 sentyabrı Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın azadlığı uğrunda əks-hücum əməliyyatlarına başladı. Bu müqəddəs savaşda minlərlə oğul şəhidlik zirvəsinə ucaldı, minlərlə qəhrəman qazimiz canı, qanı bahasına torpağa haqqını qaytardı.

27 Sentyabr tarixi bir millətin ayağa qalxması, öz haqqını qətiyyətlə tələb etməsi idi. Azərbaycan əsgəri təkcə düşmənlə döyüşmədi – zamanla, ədalətsizliklə, səssiz dünyanın biganəliyi ilə döyüşdü və qalib gəldi. Artıq 44 gün davam edən, şanlı Qələbəmizlə bitən müharibədən beş il ötür. Sözsüz ki, 44 günün hər anı Azərbaycan xalqının yaddaşına həkk olunub.

Bu tarixdə Ali Baş Komandan xalqa müraciət edərək Ermənistanın cəbhəboyu ərazilərimizdə genişmiqyaslı təxribat törətdiyini və nəticədə həm hərbi qulluqçularımız, həm də mülki vətəndaşlarımız arasında itkilərimizin olduğunu bildirdi. Eyni zamanda, Azərbaycan Ordusunun bütün cəbhəboyu əks-hücuma keçdiyini bildirən ölkə başçımız artıq bir neçə kəndin işğaldan azad olunduğu barədə məlumat verdi. Həmin gündən etibarən ölkədə hər bir vətəndaş bütün gündəlik qayğılarını, problemlərini kənara qoyaraq cəbhədən gələn xəbərlərə kökləndi. Gələn xəbərlər isə xalqımızı sevindirirdi. Təsadüfi deyil ki, həmin günlərdə ölkə başçısının tviter səhifəsini yüz minlərlə insan izləməyə başladı. Çünki Prezidentimiz işğaldan azad olunan ərazilərimiz barədə sosial media hesabında məlumat verirdi. Beləliklə, 2020-ci ilin sentyabr-noyabr ayları Azərbaycanın tarixinə xalq-ordu-iqtidar birliyinin ən yüksək təzahürü kimi düşdü. Ölkədə kimliyindən, yaşından, sosial vəziyyətindən, siyasi düşüncəsindən asılı olmayaraq hər kəs bir oldu, Ordusuna, Ali Baş Komandanına dəstək verdi. Əlbəttə ki, bu gözlənilən idi. Çünki Qarabağ bütün Azərbaycanın illərlə həll olunması üçün səbirsizliklə gözlədiyi şərəf məsələsi idi. Bu məqamda Prezident İlham Əliyevin bir fikri yada düşür: “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!”.

Ölkə başçımız təmkinlə, səbirlə ərazi bütövlüyümüzün sülh yolu ilə təmin olunmasına səy göstərdi. Qeyd etdiyimiz kimi, baş verən hadisələr, illərboyu gedən proseslər sonda müharibəni şərtləndirdi. 2019-cu ildə Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndidə ümumerməni oyunlarında çıxışı zamanı “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı, daha sonra Azərbaycana qarşı irəli sürdüyü qəbuledilməz şərtlər, Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” ilə hədələməsi, Tovuz istiqamətində törədilən təxribat, həmin ilin avqustunda uğursuzluqla nəticələnən diversiya cəhdi və daha bir çox hadisələr sonda səbir kasasını daşırdı və Azərbaycanı əks-hücuma məcbur etdi. Müharibə bütün bu hərəkətlərə ən tutarlı cavab oldu. Sübut olundu ki, Qarabağ Azərbaycandır və nida.

Həmin günlərdə, hətta o torpaqlarda heç vaxt olmayan gənclərimiz belə fəal mübarizə apardı və nəticədə Ermənistan tərəfi ağ bayraq qaldırmağa məcbur oldu. Noyabr ayının 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı. Beləliklə, Azərbaycan tarixi ədaləti, ərazi bütövlüyünü bərpa etdi, 30 illik zülmə son qoydu. Prezident İlham Əliyev xalqa müraciətində dedi: “Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq”.

Bəli, şəhidlərin qanı ilə suvarılmış torpaq əbədi azadlığa qovuşdu. Qarabağ yalnız torpaq deyil – Qarabağ bir millətin qüruru, bir xalqın tarixidir. Hər daşında, hər ağacında bir igidin izləri var indi. Hər il 27 Sentyabrda sükutla dayanırıq. Küçələrdə bayraqlar yarıya endirilir, məktəblərdə, universitetlərdə şəhidlərimizin adları səslənir. Analar göz yaşları ilə oğullarını yad edir, bacılar dualarını göyə göndərir. Amma bu hüznün içində bir iftixar da var – çünki bu torpaq artıq azaddır, çünki bu torpaq şəhid qanı ilə müqəddəsləşib.

Uşaqlar artıq Qarabağı tarix kitablarından deyil, gerçək həyatın özündən öyrənir. Çünki artıq o torpağa ayaq basmaq, o havanı ciyərlərinə çəkmək mümkündür. Və bu mümkünlüyün adı Qəhrəmanlıqdır.

Milli Anım Günü – bu, təkcə ağrının, kədərin deyil, həm də qürurun günüdür. Biz bu gün həm yas tutur, həm də başımızı dik tuturuq. Çünki yalnız xalqı üçün canından keçənlərin ruhu qarşısında baş əymək olar. Azərbaycan xalqı şəhidlərini heç vaxt unutmayacaq. Onların əmanəti olan bu torpaqları daha da abad edəcək, daha da gücləndirəcək.

Qarabağ Azərbaycandır! Bu söz artıq yalnız siyasi bəyanat deyil – bu, şəhid qanı ilə möhürlənmiş həqiqətdir.

Nurəngiz ADİLQIZI
XQ

Seçilən
55
50
xalqqazeti.az

10Mənbələr