AZ

27 Sentyabr – Anım Günü: Şanlı Qələbəyə aparan yol

27 Sentyabr tarixi Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq və qürur günü kimi həkk olunub. Məhz həmin gün başlanan 44 günlük Vətən müharibəsi nəticəsində dövlətimiz uzun illər davam edən işğala son qoyaraq tarixi ədaləti bərpa etdi. Anım Günü şəhidlərimizin müqəddəs xatirəsinə dərin ehtiramın ifadəsi olmaqla yanaşı, həm də Azərbaycanın azadlıq uğrunda iradəsinin, milli birliyinin və sarsılmaz gücünün təntənəsidir.
Azərbaycan heç zaman müharibə istəməmiş, daim beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalaraq münaqişənin sülh yolu ilə həllinə çalışmışdır. Lakin rəsmi İrəvanın işğalçı siyasəti, saxtakar yanaşmaları və ifrat millətçilik üzərində qurulmuş Daşnaksutyun ideologiyası müharibəni qaçılmaz etmişdir. Ermənistanın əsassız “dənizdən dənizə Ermənistan” xülyası, xarici havadarların dəstəyi ilə Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, beynəlxalq ictimaiyyətin ikili standartlara əsaslanan yanaşması nəticədə regionu təhlükəli müharibə meydanına çevirmişdir.

Azərbaycan xalqı heç zaman işğalla barışmamışdır. On illər boyu səbir və dözüm göstərən sülhsevər xalqımız ermənilərin ardıcıl hərbi təxribatları ilə “səbir kasasını” doldurmuş, 2020-ci ilin 27 sentyabrında başlayan son təxribat isə hərbi cavabı zəruri etmişdir. Bu, tarix boyu haqqı tapdanmış, lakin öz haqqını qorumaq əzmindən dönməyən bir xalqın ədalətli mübarizəsi idi.

44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi və siyasi iradəsinin, xalq-iqtidar birliyinin parlaq təzahürü oldu. Ordumuz müasir dövrün hərbi təcrübəsindən istifadə edərək düşməni darmadağın etdi, işğal altındakı torpaqlarımızı azad etdi. Bu qələbə təkcə hərbi gücümüzlə deyil, həm də diplomatik üstünlüyümüzlə təmin olundu. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, ordumuzun peşəkarlığı və xalqımızın əzmi nəticəsində Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə öz torpaq bütövlüyünü bərpa etdi.
Müharibə dövründə xalqımız “Öldü var, döndü yoxdur!” şüarı ilə birləşərək tarixi birliyini nümayiş etdirdi. Bu birlik və inam bizi Zəfərə apardı.

Vətən müharibəsi Azərbaycanın şanlı tarixi, qəhrəman əsgər və zabitlərimiz isə xalqımızın qürur mənbəyidir. Şəhidlərimizin qanı bahasına qazanılan Qələbə xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. 27 Sentyabr – Anım Günü məhz həmin qəhrəmanların müqəddəs ruhuna ehtiramın rəmzidir.

Dövlətimiz hər zaman öz əsgərinin, qazisinin və şəhid ailələrinin yanındadır. Qələbə münasibətilə təsis edilən orden və medallar, Bakıda yaradılan Zəfər parkı, eyni zamanda sosial təminat tədbirləri dövlətin hərbi-vətənpərvərlik siyasətinin bariz göstəricisidir. Bu gün ehtiyacı olan bütün qazilər və şəhid ailələri dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunurlar.

Vətən müharibəsinin gedişində və Zəfərdən sonra Prezident İlham Əliyev dünyanın aparıcı beynəlxalq təşkilatlarının tribunasından Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Xüsusilə BMT Baş Assambleyasında, Qoşulmama Hərəkatında və digər nüfuzlu platformalarda çıxış edən dövlət başçısı Ermənistanın işğalçı siyasətini ifşa etdi, beynəlxalq ictimaiyyəti ədalətə və beynəlxalq hüquqa sadiq olmağa çağırdı.

Azərbaycan Prezidenti həmçinin yeni reallıqları dünyaya təqdim edərək, regionda sülh və əməkdaşlıq mühitinin formalaşmasının vacibliyini vurğuladı. Bu gün dünya dövlətləri Azərbaycanın sülh təşəbbüslərinin regionun gələcəyi üçün nə qədər əhəmiyyətli olduğunu qəbul edirlər.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan yalnız hərbi-siyasi qələbə ilə kifayətlənmədi, həm də azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başladı. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr – yeni yollar, hava limanları, dəmir yolları, “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları Azərbaycanın gələcəyə yönəlmiş inkişaf strategiyasının bariz nümunəsidir.

Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan olunması Azərbaycanın qlobal enerji gündəliyinə töhfə verməsi, müasir texnologiyalara əsaslanan dayanıqlı inkişaf modelini təşviq etməsi deməkdir.
Azərbaycanın əldə etdiyi Zəfər yalnız siyasi və hərbi sahədə deyil, həm də iqtisadi müstəvidə böyük perspektivlər açdı. Azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələri yerli və xarici sərmayədarlar üçün yeni imkanlar yaradır.

Ənənəvi kənd təsərrüfatı sahələrinin bərpası, mineral və su ehtiyatlarının istifadəsi, turizm potensialının inkişafı Qarabağ və Şərqi Zəngəzuru yaxın gələcəkdə regionun ən cəlbedici iqtisadi mərkəzlərindən birinə çevirəcək. Dövlətin strateji yanaşması, vergi və gömrük güzəştləri, sərmayəçilərə yaradılan əlverişli mühit artıq beynəlxalq şirkətlərin marağını artırmaqdadır.

Beləliklə, Qarabağ iqtisadi rayonunda aparılan quruculuq və inkişaf prosesləri Azərbaycanın iqtisadi gücünü daha da möhkəmləndirəcək, ölkəmizi Cənubi Qafqazın iqtisadi lideri mövqeyində uzunmüddətli sabitliyə gətirəcəkdir.

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının mübarizə əzmini, milli birliyini və qəhrəmanlığını ifadə edir. Bu gün həm şəhidlərimizə dərin ehtiram, həm də gələcək nəsillərə azadlıq, müstəqillik və dövlətçilik dərsidir.
Prezident İlham Əliyevin qətiyyətli siyasəti, beynəlxalq tribunalarda verdiyi tarixi mesajlar, işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq və iqtisadi layihələr Azərbaycanın gələcəyə inamla baxan, daha güclü və müasir dövlət olduğunu bir daha təsdiqləyir. Vətən müharibəsində qazanılan Qələbə Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olmaqla, dövlətimizin gücünü və xalqımızın iradəsini bütün dünyaya nümayiş etdirdi.

Mehriban Vəliyeva
Milli Məclisin deputatı

Seçilən
31
1
modern.az

10Mənbələr