BAKI, 25 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın Asiya turu çərçivəsində Şimali Koreya lideri Kim Çen In ilə görüşü nəzərdə tutulmur.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi yüksək rütbəli amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp yaxın saatlarda xarici səfərinə yola düşəcək. Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, səfər proqramına Malayziya, Yaponiya və Cənubi Koreyaya rəsmi səfərlər daxildir. Səfər zamanı ikitərəfli görüşlər və həmçinin ASEAN və APEC xətti üzrə tədbirlərdə iştirak planlaşdırılır.
Oktyabrın 30-da Cənubi Koreyada Trampın Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşü nəzərdə tutulub. "Reuters"in məlumatına görə, səfər çərçivəsində əsasən ticarət və strateji təbii resursların hasilatı ilə bağlı bir sıra iqtisadi sazişlərin imzalanması gözlənilir.
ABŞ tərəfinin bildirdiyinə görə, Tramp Si Cinpinlə ikitərəfli ticarət əlaqələrinin gələcək inkişaf perspektivlərini müzakirə etməyi planlaşdırır.