Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Volendam” klubunda növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Niderland çempionatının (Erediviziya) 2025/2026-cı illər mövsümünün 10-cu turunda “Herakles”lə qarşılaşıb.
“Volendam” doğma meydanda baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 3:0.
Ozan start heyətdə başladığı bu matçın fasiləsində əvəzlənib.
“Volendam” 10 turdan sonra 10 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb. Ozan bu oyunların hamısında iştirak edib, 1 qol vurub.
Xatırladaq ki, Özan Can Kökçü bu ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalayıb. O, Niderland klubuna Finlandiya təmsilçisi HJK-dan azad agent kimi keçib.
Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

