Azərbaycan cüdoçusu Kənan Nəsibov Moldovanın paytaxtı Kişinyovda təşkil edilmiş U-23 Avropa çempionatının qalibi olub.
Arena.az xəbər verir ki, 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatına bu gün yekun vurulub.
İkinci yarış günündə Azərbaycan millisi bir dəst medal qazanıb. +100 kq çəki dərəcəsində tatamiyə çıxmış Kənan Nəsibov bütün rəqiblərinə qalib gələrək qitə çempionu olub. Ömər Rəcəbli (-81 kq) gümüş, Aslan Kotsoyev (-90 kq) isə bürünc mükafata yiyələnib.
Xatırladaq ki, ilk yarış günündə isə İslam Rəhimov (-66 kq) qızıl medalı boynundan asmışdı.
Qeyd edək ki, cüdo tariximizdə ilk dəfə -66 kq və +100 kq çəki dərəcələrində idmançılarımız U-23 Avropa çempionatlarının qızıl medalını əldə ediblər.
Yekunda Azərbaycan millisi 2 qızıl, 1 gümüş və 1 bürünc olmaqla ümumilikdə 4 medalla həm ümumi komanda hesabında, həm də kişilər arasında turniri birinci pillədə tamamlayıb. Yarışda təkcə kişi cüdoçularımızın çıxış etməsinə baxmayaraq, yığmamız 37 ölkə arasında lider olmağı bacarıb.
                        
