AZ

YAP və Milli Konservatoriya birgə tədbir keçirdi - FOTOLAR

Noyabrın 3-də Yeni Azərbaycan Partiyasının (YAP) Azərbaycan Milli Konservatoriyası ilə birgə təşkil etdiyi 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

"Unikal" xəbər verir ki, Tədbirdən öncə rəssam-monumentalist Çingiz Abasovun “30 il və 44 gün” tablosunun təqdimatı olub.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbir iştirakçılarını Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edən şanlı Zəfərimizin beşinci ildönümü münasibətilə təbrik edib. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə elan edilmiş “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən keçirilən silsilə tədbirlər ölkəmizin müstəqil inkişaf yoluna, eləcə də möhtəşəm Zəfərimizin tarixi və ictimai-siyasi əsaslarına, yeni mərhələdə suveren Azərbaycanın qarşısında duran əsas hədəflərə nəzər salınması baxımından mühüm əhəmiyyət kəsb edir.

Tahir Budaqov vurğulayıb ki, müasir dövlətçilik tariximizin zirvə nöqtəsi - ən qürurverici məqamı olan möhtəşəm Zəfərimiz asanlıqla əldə olunmamışdır: "Müstəqillik dövründə ölkəmizə rəhbərliyi zamanı Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad olunmasını dövlət siyasətinin bir nömrəli məsələsi - strateji prioriteti kimi müəyyən etmişdir. Onun liderliyi ilə bu strateji hədəfə çatmaq üçün məqsədyönlü addımlar atılmış, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda ardıcıl işlər görülərək Azərbaycanı böyük Zəfərə aparan yolun əsası qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev bu siyasəti müasir dövrün çağırışları və reallıqlarına uyğun zənginləşdirərək müvəffəqiyyətlə davam etdirməklə, Ermənistanın təcavüzkar siyasətinə göz yuman bir sıra güc mərkəzlərinin ikili standartlar siyasətinə, beynəlxalq təşkilatların selektiv yanaşmasına, mürəkkəb geostrateji şəraitə baxmayaraq, Vətənin bütövlüyünü, tarixi ədaləti və milli ləyaqəti bərpa etmək uğrunda haqq mübarizəsini qələbə ilə başa vuraraq möhtəşəm Zəfərə nail olmuş, ata vəsiyyəti və xalqa vədini şərəflə yerinə yetirməklə Azərbaycanı Heydər Əliyevin görmək istədiyi kimi qalib, qüdrətli və əzəmətli dövlətə çevirmişdir".

YAP Sədrinin müavini bildirib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanaraq öz ərazi bütövlüyünü, 2023-cü ildə bir günlük antiterror əməliyyatı nəticəsində isə tam suverenliyini bərpa edərək keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan bu gün regionun çoxtərəfli işbirliyi məkanına çevrilməsində maraqlı olmaqla beynəlxalq hüquq normalarına və milli maraqlara əsaslanan prinsipial mövqeyinə sadiqliyini əyani şəkildə nümayiş etdirir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasəti konstruktiv xarakter daşımaqla regionun dialoq, əməkdaşlıq və inteqrasiya məkanına çevrilməsinə hədəflənmişdir ki, bu da sülh naminə etimad quruculuğunun həyata keçirilməsi baxımından olduqca böyük önəmə malikdir: "Dövlət başçısının qeyd etdiyi kimi: “Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu”. Bu gün yeni reallıqlar fonunda sülh müqaviləsinin imzalanması və kommunikasiyaların bərpası regional təhlükəsizlik kontekstində strateji gündəliyin önəmli tərkib hissəsidir".

Tahir Budaqov qeyd edib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində öz ata-baba yurdlarından köçkün düşən insanların doğma torpaqlarına layiqli qayıdışının təmin edilməsi qarşıda duran çox mühüm hədəflərdəndir: "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsi Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyənləşdirilmişdir. Bu gün həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilməklə müasir infrastruktur yaradılmaqdadır. Artıq Qarabağ və Şərqi Zəngəzurda mühüm yol-nəqliyyat, enerji təminatı və digər infrastruktur layihələri gerçəkləşdirilmiş, onlarla yaşayış məntəqəsinin təməli qoyulmuş və bir sıra şəhər, kənd və qəsəbələrdə əhalinin yaşayışı təmin edilmişdir. Bütün bunlar dayanıqlı məskunlaşma və müasir standartlara uyğun yüksək keyfiyyətli həyat şəraitinin təmini baxımından böyük əhəmiyyətə malikdir. Nəticə etibarilə, yüz minlərlə soydaşımızın yurd həsrətinə son qoyulması, onların ata-baba torpaqlarına qayıdışının təmin olunması mənəvi-siyasi və sosial-iqtisadi əhəmiyyətə malik olmaqla tarixi ədalətin təntənəsidir".

"Azərbaycan dövləti və xalqı mübariz Vətən övladlarının  - ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmancasına döyüşərək Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış şəhidlərin əziz xatirəsini daim uca tutur. Müzəffər Ali Baş Komandanımızın 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad olunması barədə müjdəni məhz Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciəti zamanı verməsi Vətənin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna ali ehtiram nümunəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Qələbəni biz şəhidlərimizin qanı hesabına qazanmışıq. Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq” , - deyə YAP Mərkəzi Aparatının rəhbəri əlavə edib.

Tahir Budaqov söyləyib ki, Azərbaycan xalqının Zəfər salnaməsi – Qələbə dastanı təkcə tarixçilər və siyasətşünasların tədqiqat predmeti deyil: "Bu Zəfər həm də müstəsna mənəvi əhəmiyyətə malik olduğu üçün sənət adamlarının xüsusi diqqət mərkəzindədir. Möhtəşəm Qələbəmiz haqqında əsərlərin, o cümlədən rəsm əsərlərinin ərsəyə gətirilməsi və digər yaradıcılıq işləri bu tarixi hadisənin ictimai yaddaşda – milli təfəkkürdə əbədiləşdirilməsi baxımından çox önəmlidir. Ona görə də bugünkü tədbir çərçivəsində təqdimatını etdiyimiz rəssam-monumentalist Çingiz Abasovun “30 il və 44 gün” tablosu şanlı Qələbəmizin təbliği və xalqımızın vətənpərvərlik ruhunun gücləndirilməsi üçün əhəmiyyətlidir".

Çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Kamilə Dadaş-zadə qeyd edib ki,  hər bir xalqın tarixində elə əlamətdar gün var ki, onu “əsrə bərabər gün” hesab etmək olar: “Azərbaycan xalqının həyatında belə məqamlardan biri, heç şübhəsiz ki, 2020-ci ilin 8 noyabr gününə təsadüf edir. Lakin düşünürəm ki, öz tarixi əhəmiyyəti və mənəvi yükü etibarilə həmin günü bir əsrə deyil, “əsrlərə bərabər gün” adlandırmaq olar. Çünki həmin gün xalqımızın çoxəsrlik qəhrəmanlıq salnaməsinin yeni şanlı səhifəsi yazıldı və eyni zamanda, həmin gün əldə etdiyimiz tarixi Qələbə Azərbaycanın uzunmüddətli, möhkəm və dayanaqlı inkişaf yolunu təmin etdi. Beş il bundan öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə milli Ordumuzun misilsiz qəhrəmanlığı nəticəsində, şəhidlərimizin canı və qanı bahasına Azərbaycan torpaqlarının işğalına son qoyuldu, tarixi ədalət zəfər çaldı. Müasir hərb sənətinin ən parlaq səhifələrindən biri olan “Dəmir yumruq” əməliyyatı, təbii ki, tarix kitablarına fenomenal hadisə kimi daxil olacaq və mütəxəssislər tərəfindən araşdırılıb layiqincə dəyərləndiriləcək. Şübhəsiz ki, bu zaman digər mühüm amillərlə yanaşı, Zəfərimizi təmin edən bir faktorun da rolu qeyd olunacaq ki, bu da “xalq, iqtidar və ordu birliyi” formuludur. Qələbəmizin ideoloji təməlini təşkil etmiş bu formul Azərbaycan xalqının əzmini bir daha nümayiş etdirdi”.

Sonra tədbirdə şəhid İsmayıl Kərimlinin atası Ceyhun Kərimov çıxış edib. “Bu gün biz Böyük Qələbəmizin 5-ci ildönümünü qeyd edirik. Artıq beş ildir ki, 30 ilə yaxın düşmən tapdağı altında qalmış torpaqlarımız işğaldan azad olunub, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Zəfər Günü möhtəşəm bir əsərdir və hər bir böyük əsər kimi bu Zəfərin də öz memarları var. Böyük Qələbəmizi qeyd edərkən Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasını və Onun xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışını xatırlayırıq. Məhz həmin tarixi qayıdış Zəfər salnaməmizin ilk səhifəsini yazdı. Elə o andan etibarən biz addım-addım tarixi Qələbəmizə doğru irəliləməyə başladıq”, - deyən şəhid atası əlavə edib ki, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu böyük məsuliyyəti öz üzərinə götürərək xalq qarşısında and içdi və andına sadiq qalaraq Azərbaycanı tarixi Zəfərə qovuşdurdu.

Vətən Müharibəsi Qəhrəmanı, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, polkovnik Anar Mirzəyev isə çıxışında qeyd edib ki, müasir müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Azərbaycan Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan hərbçilərinin torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şücaət göstərməsi, bu yolda şəhidlik zirvəsinə ucalması xalqımızın yenilməzlik, mətinlik və qəhrəmanlığının ifadəsi oldu”.

Daha sonra “30 il və 44 gün” tablosunun müəllifi rəssam Çingiz Abasov çıxış edib. O qeyd edib ki, bu gün xalqımızın qəhrəmanlığını, birliyini və əyilməz iradəsini iftixarla xatırlayır, ədalətin bərpa olunduğu  möhtəşəm günün qürurunu bir daha yaşayırıq: “Bu gün burada Zəfərimizə həsr olunan “30 il və 44 gün”  əsərimi təqdim etməkdən böyük qürur duyuram. Çalışdım ki, bu əsərdə Vətənimizin otuz illik tarixini, xalqımızın qəhrəman ruhunu, dözümü və inamını əks etdirim. Ulu Öndərimiz Heydər Əliyev deyirdi ki, “Qarabağ bizim qəlbimizdədir, ruhumuzdadır. Gün gələcək, biz Qarabağa qayıdacağıq”. İllər sonra Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin inamın üzərinə öz möhtəşəm nida işarəsini qoydu: “Qarabağ Azərbaycandır!”. Bu gün biz həmin gerçəkliyi yaşayırıq, Qarabağ azaddır və dirçəlir. Bu Qələbə xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və milli iradəmizin rəmzidir. Qoy üçrəngli bayrağımız daim azad Qarabağ səmasında dalğalansın”.

Sonra 8 Noyabr - Zəfər Gününə həsr edilmiş konsert proqramı təqdim olunub.

Seçilən
59
1
unikal.az

10Mənbələr