AZ

Xalqımızın azadlıq iradəsi və milli birliyin təzahürü

Hər il noyabrın 9-da qeyd edilən Dövlət Bayrağı Günü milli dəyərlərə, dövlət rəmzlərinə hörmətin, müstəqil dövlətçilik ənənələrinə sədaqətin təntənəsidir. Bu əlamətdar tarix Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsbit edilmiş və Əmək Məcəlləsinə əsasən rəsmi qeyri-iş günü elan olunmuşdur. Həmin qərar üçrəngli bayrağımıza olan ehtiramın, onun milli ideologiyadakı yerinin və dövlətçilik simvolu kimi önəminin bariz göstəricisidir.

Üçrəngli bayrağın tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövrü, yəni 1918-ci ilin 9 noyabrı ilə bağlıdır. Həmin gün Cümhuriyyət hökuməti tərəfindən qəbul edilən üçrəngli bayraq - mavi, qırmızı və yaşıl rənglərin və səkkizguşəli ulduzun vəhdətini təcəssüm etdirirdi. Bu bayraq 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuş, sonrakı onilliklər ərzində isə müstəqillik ideyalarının təzahürü kimi xalqın yaddaşında yaşamışdır. Bayrağımızın rəngləri “Türkçülük, müasirlik və islamçılıq” prinsiplərini ifadə edir. Bu ideya düsturunun müəllifi görkəmli mütəfəkkir Əli bəy Hüseynzadə olmuşdur. Rənglərin hər biri milli kimliyimizin əsas sütunlarını təcəssüm etdirir. Mavi türk mənşəyini, qırmızı müasirlik və inkişafa can atmağı, yaşıl mənəvi dəyərləri və islam mədəniyyətinə mənsubiyyəti ifadə edir.

Üçrəngli bayrağın yenidən dövlət səviyyəsində qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayraq Naxçıvanın Dövlət Bayrağı kimi təsdiqlənmişdir. Bu qərar milli dirçəlişin, istiqlal düşüncəsinin rəsmi başlanğıcı olmuşdur. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanunu qəbul etmiş və bayrağımız yenidən dövlət rəmzi kimi təsdiqlənmişdir.

1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi üçrəngli bayrağını bərpa etmişdir. Bununla da müqəddəs rəmz müstəqilliyin təcəssümünə çevrilmişdir. “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir.

Prezident İlham Əliyevin 17 noyabr 2007-ci il tarixli Sərəncamı ilə paytaxt Bakıda Dövlət Bayrağı Meydanı yaradılmışdır. Meydanın açılışı 2010-cu ilin 1 sentyabrında keçirilmiş, burada Dövlət Bayrağı Muzeyi də fəaliyyətə başlamışdır. Muzeydə müxtəlif tarixi dövrlərə aid bayraqlar, dövlətçilik tariximizi əks etdirən 400 eksponat nümayiş etdirilmişdir.

Dövlət bayrağının təsviri Konstitusiyanın 23-cü maddəsi, həmçinin “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli Konstitusiya Qanunu ilə tənzimlənir. Konstitusiyanın 75-ci maddəsinə əsasən, hər bir vətəndaş dövlət rəmzlərinə – bayrağa, gerbə və himnə hörmət etməlidir.

2024-cü il noyabrın 8-də yenilənmiş şəkildə istifadəyə verilən bu meydanda dünyanın ən böyük bayrağı ucaldılmışdır. Dövlətimizin başçısının iştirakı ilə keçirilən açılış mərasimi üçrəngli bayrağımızın qürurla yenidən göylərə yüksəldiyi möhtəşəm an kimi tarixə düşmüşdür. Muzeydə “Zəfər qalereyası” adlı ekspozisiya da yaradılmış, burada Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə Dövlət Bayrağının ucaldılması anları, həmçinin Xankəndidə keçirilən hərbi paradın fotoları nümayiş etdirilmişdir.

Üçrəngli bayrağımız bu gün milli həmrəyliyin, birliyin və azadlığın rəmzidir. O, xalqımızın keçdiyi şərəfli mübarizə yolunu, qazanılmış Qələbəni və gələcəyə inamı təcəssüm etdirir. Dövlətimizin başçısı qeyd edib: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir”.

Tarixi Zəfərdən dərhal sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş torpaqlara ilk səfərləri məhz bayrağımızın ucaldılması ilə yadda qalıb. Üçrəngli bayrağın həmin məkanlarda yenidən yüksəlməsi xalqımızın milli kimliyinin, qürurunun və suverenliyinin parlaq təcəssümüdür.

Üçrəngli bayraq həm də millətin azadlıq iradəsinin, sarsılmaz birliyinin və gələcəyə inamının simvoludur, tariximizin bütün mərhələlərində olduğu kimi, bu gün də azad, müstəqil və güclü dövlətin ən yüksək zirvəsində ucalmaqdadır.

Asif Əsgərov

Milli Məclisin deputatı

Seçilən
38
5
unikal.az

10Mənbələr