ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Rusiyanın bir çox bölgəsində ehtiyat qüvvələrinə daxil olmaq üçün könüllülərin kütləvi şəkildə cəlb edilməsi kampaniyasına start verilib.
“AzPolitika” bildirir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb. Məlumata görə, kampaniya azı 20 regionda həyata keçirilir.
Yaxın günlərdə qəbul edilən yeni qanuna əsasən, ehtiyatda olan hərbçiləri xüsusi toplanışlara çağırmaq və onları təkcə müharibə dövründə deyil, həm də sülh vaxtı obyektlərin mühafizəsinə cəlb etmək mümkün olacaq. Rusiya hakimiyyəti Ukraynada aparılan hərbi əməliyyatları rəsmi olaraq “xüsusi hərbi əməliyyat” kimi təqdim etdiyindən, bu qərar formal olaraq “sülh dövrü”nə aid edilir.
Yeni qanuna əsasən, toplanış dövründə ehtiyatda olan şəxslər hərbçi statusu alacaq və onlara müvafiq imtiyazlar, eləcə də maliyyə ödənişləri veriləcək. Əsas məqsəd – son aylarda artan pilotsuz uçuş aparatlarının (PUA) hücumlarına qarşı müdafiə sistemini gücləndirməkdir.
Hazırda ehtiyatda olan könüllülərin cəlbi Leninqrad, Nijni Novqorod, eləcə də Ukrayna ilə sərhəddə yerləşən bölgələrdə, həmçinin Tatarıstan və Başqırdıstan respublikalarında həyata keçirilir. Bu regionlar son aylarda dron hücumlarına daha çox məruz qalan ərazilər kimi tanınır. Qanuna görə, ehtiyat qüvvələrindən həmçinin diversantlara qarşı mübarizədə və ya əhalinin təxliyəsində də istifadə oluna bilər.
Ehtiyatda olan hərbçilər Müdafiə Nazirliyi ilə müqavilə imzalayaraq “moblizasiya ehtiyatı”na daxil olan şəxslərdir. Müqavilə imzalayanlara birdəfəlik ödənişlər və sosial güzəştlər nəzərdə tutulub. Yeni qanuna görə, onlar il ərzində altı aya qədər toplanışlara çağırıla bilərlər. Bu müddət ərzində onların əsas iş yerindəki orta əməkhaqqısı saxlanılır, həlak olacaqları təqdirdə isə ailələrinə hərbçilərə verilən analoji kompensasiyalar və imtiyazlar təqdim olunur.
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.