DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığması ilə səfər oyunu Fransa millisinin qapıçısı Lyuka Şevalye üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, o, Bakıdakı görüşdə Fransa millisinin heyətindəki ilk oyununa çıxıb.
Baş məşqçi Didye Deşam PSJ-də çıxış edən qolkiperə start heyətdə yer verib və o, sonadək mübarizə aparıb. Qarşılaşma isə fransızların 3:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.
Şevalyenin Azərbaycan yığması ilə oyunda buraxdığı qol da tarixə düşüb. O, son 90 ildə yığmada debüt matçında qapısında ən tez top görən oyunçudur. Renat Dadaşov qarşılaşmanın 4-cü dəqiqəsində 24 yaşlı qolkiperi məyus edib.
Son olaraq Rene Lyense 90 il əvvəl, 1935-ci ildə debüt görüşündə eyni dəqiqədə qol buraxıb.
Xatırladaq ki, PSJ Şevalyeni bu ilin avqust ayında “Lill”dən tamhüquqlu müqavilə əsasında öz heyətinə qatıb. 24 yaşlı fransız qapıçının transferi parislilərə 40 milyon avroya başa gəlib. Onun klubla müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var. Şevalye indiyə qədər PSJ-nin heyətində 17 oyuna çıxıb, 18 qol buraxıb, 7 matçda qapısını toxunulmaz saxlayıb.
Lyuka Şevalye “Lill”in məzunudur. Qapıçı, karyerası ərzində həmçinin “Valansyen”də (icarə) çıxış edib.
Şevalye Fransanın əsas yığmasında keçirdiyi 1 oyunda 1 qol buraxıb.
“Transfermarkt” internet-portalı 24 yaşlı fransız qapıçının transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

