AZ

Stiv Maklaren Yamayka millisindən getdi – ARENA.AZ

Futbol üzrə Yamayka milli komandasının İngiltərədən olan təcrübəli baş məşqçisi Stiv Maklaren vəzifəsindən istefa verib.

Arena.az xəbər verir ki, 64 yaşlı mütəxəssis öz istəyi ilə postundan gedib.

Buna onun rəhbərlik etdiyi komandanın DÇ-2026-nın final mərhələsinə vəsiqə qazana bilməməsi səbəb olub. Amerika zonası üzrə seçmə mərhələnin B qrupunda Kurasao ilə qolsuz bərabərliklə bitən görüşdən sonra Yamaykanın DÇ-2026-nın əsas mərhələsində iştirak şansı qalmayıb.

Qeyd edək ki, Kurasao seçmə mərhələni 12 xalla lider başa vurub. Yamayka millisi isə 11 xalla ikinci olub. Trinidad və Tobaqo 9 xalla üçüncü, Bermud 0 xalla sonuncu – 4-cü yerdə qərarlaşıb.

Stiv Maklaren 2024-cü ilin yayında Yamayka yığmasının baş məşqçisi vəzifəsinə təyin edilmişdi. İngilis mütəxəssis Yamayka yığması ilə 2 illik müqavilə imzalamışdı. Maklarenin qarşısına Yamayka yığmasını 2026-cı ildə Kanada, Meksika və ABŞ-da keçiriləcək dünya çempionatına çıxarmaq tapşırığı qoyulmuşdu. Lakin göründüyü kimi, o, bu vəzifənin öhdəsindən gələ bilməyib.

İngilis məşqçinin rəhbərliyi altında 23 oyun keçirmiş Yamayka millisi 11 qələbə, 6 heç-heçə və 6 məğlubiyyət görüb.

Stiv Maklaren məşqçiliyə 2001-ci ildə “Midlsbro”da başlayıb və 2006-ya kimi bu komandaya rəhbərlik edib. 64 yaşlı mütəxəssis vaxtilə İngiltərə millisini də çalışdırıb (2006-2007). O, karyerası ərzində “Tvente”, “Volfsburq”, “Nottingem Forest”, “Derbi Kaunti”, “Nyukasl Yunayted”, KPR kimi klublarda da baş məşqçi olub.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
11
49
arena.az

10Mənbələr