AZ

Erməni iştirakçıya 12 bal çox deyilmi: Sülh istəyirik, amma yaddaşsız yox – İqbal Səfərovdən etiraz yazısı

Vətən müharibəsi qazisi, Silahlı Qüvvələrin zabiti, Gömrük Komitəsinin əməkdaşı İqbal Səfərov aktual mövzuda bir yazı yazıb.

Musavat.com həmin məqaləni oxucularının diqqətinə təqdim edir. Onu da qeyd edək ki, İqbal Səfərov müharibənin ilk günündən başlayaraq Şuşanın azad olunmasına qədər və Şuşaya qədər möhtəşəm bir döyüş yolu keçib, çoxsaylı təltifləri var.

Sülh olsun, amma…

Sosial şəbəkələrdə yayılan videoda azərbaycanlı bir ifaçı erməni iştirakçıya hamımızın adından 12 bal verib “Mən sülhün tərəfdarıyam” deyir.

Söz olaraq gözəldir, humanistdir, amma reallığın yanından belə keçmir.

Çünki biz sülhün nə olduğunu hamıdan yaxşı bilirik.

Biz sülhün dəyərini kitablardan yox, qanımızdan, yaralarımızdan, dağıdılmış şəhərlərimizdən, soyqırımlarımızdan öyrənmişik.

Ona görə cəmiyyət də haqlı olaraq soruşur:

Sülh istəyirik, bəli… amma kiminlə? Hər erməni iləmi?

Bu nifrət deyil. Bu tarixi yaddaşdır.

Bizim xalqın yaddaşında Xocalı var. Füzuli var. Ağdam var. “Artsax” deyib hay-həşir salan, qisas hissi ilə alışıb yanan erməni millətçiliyi var.

İndi “erməniyə 12 xal verəkmi?” deyə sual yaranır.

Verək. Amma əvvəl bir soruşaq:

Qarabağı Azərbaycan torpağı kimi tanıyırmı?
Xocalıya görə utanırmı?
İşğalçılığı qınayırmı?
Bu torpaqların əzəli sahibini qəbul edirmi?
Azərbaycan əsgərinin haqq işini anlayırmı?
Sülh deyəndə ümumiyyətlə nəyi başa düşür?

Əgər bunların heç birini qəbul etməyən birinə ən yüksək bal verilibsə, bu, sülh yox, sadəlövhlükdür. Mən bilmirəm o bütün bunları qəbul edir, yoxsa yox!

Bəlkə də bizim qucaqladığımız, bizi qucaqlayan erməni məhz bizim qanımız bahasına bərpa etdiyimiz ədaləti qəbul etmir, dəstəkləmir?

Beynəlxalq yarışmalarda erməniyə xal verəkmi?
Verək, niyə verməyək?
Amma simvolik.
Ən yüksək xal isə bu günkü mənzərəyə görə onlara düşmür.

Tək bildiyim: hər erməni qucaqlanmağa layiq deyil.

Bəzi ermənilər sülh istəyir, bunu anlayıram.
Bir dəfə Amerikada yaşayan bir erməni mənə yazmışdı. 18 yaşlı qohumunun Qarabağda öldüyünü təəssüflə danışıb səmimi şəkildə üzülürdü və etiraf edirdi ki, “biz özgənin torpağında ölmüşük.”
O, ətrafındakı ermənilərə Qarabağın Azərbaycan torpağı olduğunu izah etməyə çalışırdı.
Bu səmimiyyətə görə ona minnətdarlıq hiss etmişdim. Beləsini anlayaram, qucaqlayaram da.

Belə insanlar sülhün mümkün tərəfləridir.
Amma hər kəs belə deyil. Buna görə də seçici olmaq, ayırd etmək lazımdır.

Amma hələ də qisasla yaşayan, 30 illik işğalı haqlı sayan, “Artsax” deyib od püskürən erməniyə niyə qucaq açmalıyam?

Bizim sülhümüzün də şərti var: Ədalət.

Tək tərəfli sülh olmur!

Cənab Prezidentin apardığı siyasətin mahiyyəti də budur – qarşılıqlı sülh. Ədalətli sülh. Əks halda bu, sülh olmaz!

Sülh istəyirik, amma yaddaşsız yox!

Ona görə də qabağımıza çıxanı qucaqlamaq məncə doğru deyil. Bu nəyin həvəsidir?!

Hə bir də “Musiqinin vətəni olmur” deyənlərlə razıyam, amma bir sual da vermədən keçə bilmirəm:
Əgər musiqinin vətəni yoxdursa, bəs niyə Sarı Gəlinimizi və bir çox mahnımızı, hətta tariximizi özlərinə aid çıxarmağa çalışırlar?

Bu nəyin tələskənliyidir?!

WhatsApp

P.S. Şəkildəki tarixlərə diqqət edin. Cəmi beş il… Məzarı görəndə qeyri-ixtiyari gözlərimdən yaş axdı. Eynəyi taxdım və dostum beş yaşlı şəhidimizlə şəklimi çəkdi…

Bu nəyin unutqanlığıdır?!

Tariximizə hörmətlə
İqbal Səfərov

Seçilən
79
50
musavat.com

10Mənbələr