AZ

Su israfına səbəb olan qanunsuz qoşulmaları hallarının qarşısı alınıb – AÇIQLAMA

Bakı, 10 dekabr, AZƏRTAC

Su itkilərinin azaldılması üçün torpaq örtüklü kanalların beton örtüklü kanallarla əvəz olunması prosesləri davam etdirilir.

Bunu AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) nümayəndəsi Vasif Yəhyayev bildirib.

Onun sözlərinə görə, torpaq örtüklü kanallarda infiltrasiya, kələ-kötürlük əmsalı çox olduğundan su itkilərinə səbəb olur.

“Kanallarda itkilərin aradan qaldırılması üçün çıxış nöqtələrində sərfölçən və səviyyəölçən sensorlar quraşdırılıb. Avadanlıq quraşdırılmayan yerlərdə isə su ölçmə cihazı tətbiq edilmədən əkin sahələrinə təchiz edilən suvarma suyunun həcmlərinin hesablanmasına dair metodologiyanın hazırlanması ilə bağlı işçi qrupu yaradılıb”, - deyə SİMDNX nümayəndəsi vurğulayıb.

Vasif Yəhyayev qeyd edib ki, su ehtiyatlarından səmərəli istifadə üçün suvarma texnologiyaları müasir sistemlərə - damcılı, çiləmə texnologiyalarına keçirilməlidir. Bu texnologiyalar su ehtiyatlarına 60 faizə qədər qənaət edir: “Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin regional bölmələri tərəfindən keçirilən monitorinqlər nəticəsində su israfına səbəb olan qanunsuz qoşulmalar, normadan artıq su götürmələr aşkarlanaraq bu halların qarşısı alınıb. Çaylarda su ehtiyatlarının qiymətləndirilməsi, onların dəyişmə dinamikasını görmək üçün hidroloji məntəqələrin sayı artırılıb. Bu hidroloji məntəqələrdə ölçmələr həm real vaxt rejimində avtomat, həm də ənənəvi müşahidə aparmaqla gündəlik olaraq həyata keçirilir. Çaylardan keçən su sərflərini dəqiq qiymətləndirməklə kanallara verilə bilən suyun miqdarı müəyyənləşdiriləcək”.

Hər il davamlı olaraq su ehtiyatlarının qiymətləndirilməsi işləri çərçivəsində respublikanın yüksək dağlıq ərazilərində qar və buz ehtiyatlarının öyrənilməsi üçün tədqiqatlar aparıldığını sözlərinə əlavə edən SİMDNX nümayəndəsi yüksək dağlıq ərazilərdə qar örtüyünün monitorinqinin hər il mart ayının birinci ongünlüyündə aparıldığını qeyd edib.

“Uzun illər bu monitorinqi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti həyata keçirib. 2025-ci ildən razılaşmaya əsasən Milli Hidrometeorologiya Xidməti tərəfindən həyata keçiriləcək ekspedisiya Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) əməkdaşları ilə birgə həyata keçirilib. Qar örtüyünün monitorinqi üçün ekspedisiya Böyük Qafqazın şimal-şərq, cənub yamaclarına Kiçik Qafqazın şimal-şərq yamacında yüksək zirvələrində aparılıb. Monitorinq zamanı əsas çayların mənbələrində qar marşrutu üzrə ölçmə işləri həyata keçirilib. Ölçmə işləri zamanı qarın orta hündürlüyü, sıxlığı və sululuğu hesablanaraq təyin edilib”, - deyə Vasif Yəhyayev bildirib.

Respublikada buz-su ehtiyatlarının qiymətləndirilməsi üçün hər ilin avqust ayında Böyük Qafqazın Tufandağ zirvəsinə tədqiqat aparılması üçün ekspedisiyalar təşkil olunduğunu deyən Vasif Yəhyayev Qusarçayın hövzəsində yerləşən buzlaqların öyrənilməsi üçün ADSEA yanında Suların İstifadəsinə Dövlət Nəzarəti Xidmətinin və Milli Hidrometeorologiya Xidməti tərəfindən 2025-ci ilin 18-23 avqust tarixlərində birgə ekpedisiya təşkil edildiyini sözləinə əlavə edib: “Ekspedisiya zamanı buzlaqlar yerləşən dərələrin təsviri, dağ silsilələri və yamaclara görə yeri, tipi, ümumi istiqaməti, dərinliyi və dikliyinin təsviri, buzlaq səthinin relyefi üzərindəki çatlar, onların istiqaməti və ölçüləri həmçinin buzlaq üzərində moren örtüyü, buzlaq dilinin vəziyyəti, quruluşu, dəyişmə dinamikası və digər zəruri amillər öyrənilib”.

Seçilən
142
16
azertag.az

10Mənbələr