Bəzi insanlar əyalət düşüncəsinin məntiqinə əsaslanaraq belə bir nəticəyə gəlirlər ki, əgər Ermənistan lideri Türkiyənin yurisdiksiyasına aid olan Erməni Apostol Kilsəsinin Qaydalar Məcəlləsi məsələsini qaldırırsa, deməli, Ermənistan lideri Türkiyə liderindən göstəriş alıb.
Publika.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 25-də jurnalistlərlə söhbətində bildirib.
O, bütün ermənilərin katolikosunun kimin olacağına Türkiyə hakimiyyətinin qərar verdiyi ilə bağlı şərhlərdən təəccüblənmədiyini söyləyib:
"Əsrlər boyu Türkiyə lideri kimin bütün ermənilərin katolikosu olacağına qərar verib. Başqa vaxtlarda bu, İranın, digər vaxtlarda isə Rusiyanın lideri olub. Bunu bu mədəniyyətin daşıyıcıları olan insanlar deyirlər. Kilsə Qaydaları Məcəlləsi ideyasına qarşı müqaviməti də başa düşürəm, sonuncu belə sənədlər ya Osmanlı İmperiyası, ya da Rusiya İmperiyası dövründə qəbul edilib", - deyə o əlavə edib.
Onun sözlərinə görə, bu insanlar üçün Türk Sultanı və ya Rus Çarı tərəfindən qəbul edilmiş qaydaların hələ də qüvvədə qalması qəribə deyil.