Həmrəyliyin qalib ruhu
Artıq otuz dörd ildən çoxdur ki, 31 dekabr tarixi dünya azərbaycanlıları üçün milli birliyin və ümumi kimliyin rəmzinə çevrilib. Bu əlamətdar günün təsis edilməsi ideyası 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında irəli sürülmüş və həmin iclasda 31 dekabrın Dünya azərbaycanlılarının həmrəyliyi günü kimi qeyd olunması barədə tarixi qərar qəbul edilmişdir. Daha sonra bu təşəbbüs qanunvericilik müstəvisində rəsmiləşdirilərək, Azərbaycan Respublikasının Ali Sovetinə təqdim olunmuş, 1991-ci il dekabrın 25-də Ali Sovetin Milli Şurasının qərarı ilə 31 dekabr rəsmi bayram günü elan edilmişdir. Bu gün həmin tarix dünyanın müxtəlif guşələrində yaşayan milyonlarla soydaşımız arasında mənəvi bağların möhkəmləndirilməsində, milli birlik ruhunun yaşadılmasında mühüm missiya daşıyır. Xüsusilə son illərdə bu bayram qalib xalqın nümayəndələri kimi daha yüksək əhval-ruhiyyə və fəxarət hissi ilə qeyd olunur.
Dünya azərbaycanlılarının birliyi ideyasının banisi olan Ümummilli Lider Heydər Əliyev bu konsepsiyanın əsasını Azərbaycan dövlətinə sədaqət, milli-mənəvi dəyərlərə hörmət, dilimizin, dinimizin və mədəni irsimizin qorunması prinsipləri üzərində qurmuşdur. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının milli kimliyini yaşadan, onların mənəvi dayağı rolunu oynayan əsas güc məhz müstəqil Azərbaycan dövlətidir. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının arxasında dayanan suveren dövlət faktoru milli həmrəyliyin ən mühüm təminatıdır.
XX əsrin sonlarında sovet imperiyasının süqutu ilə paralel olaraq Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədlərə doğru yürüşü xalqımızın tarixi yaddaşında xüsusi yer tutur. Bu hadisə uzun illər ayrılıqda qalmış bir millətin birliyə can atmasının açıq ifadəsi idi. Məhz həmin proseslər Dünya azərbaycanlılarının həmrəyliyi gününün ideoloji əsasını formalaşdırdı. Bu gün qədim tarixə malik Azərbaycan xalqının milli dirçəlişini, özünə inamını və müstəqil dövlətçilik uğrunda səfərbərliyini təcəssüm etdirən rəmzlərdən biridir.
Ulu Öndərin müəyyən etdiyi milli həmrəylik strategiyası bu gün ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Dövlət başçısının sərəncamları ilə Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının II, III və IV qurultayları diaspor fəaliyyətinin institusional əsaslarını möhkəmləndirmiş, dünya azərbaycanlılarının təşkilatlanmasına yeni nəfəs vermişdir. Bu qurultaylar eyni zamanda soydaşlarımızın Azərbaycan dövlətinin və onun liderinin ətrafında sıx birləşdiyini açıq şəkildə nümayiş etdirmişdir. Diaspor təşkilatlarına dövlət dəstəyinin gücləndirilməsi məqsədilə yaradılmış Azərbaycan Diasporuna Dəstək Fondu, eləcə də “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi bu siyasətin praktik nəticələridir.
2020-ci ildə Vətən müharibəsi zamanı xalqımızın nümayiş etdirdiyi misilsiz birlik və həmrəylik dünya azərbaycanlılarının milli məsuliyyət hissini daha da gücləndirdi. Xaricdə yaşayan soydaşlarımız informasiya cəbhəsində fəal mövqe tutaraq Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün əzmlə çalışdılar. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, diasporun bu fədakar fəaliyyəti tarixi Qələbənin əldə olunmasına mühüm töhfə verdi və dünya azərbaycanlılarının həmrəyliyini real gücə çevirdi.
2022-ci ilin aprelində Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı isə milli birliyimizin yeni mərhələsinin simvoluna çevrildi. Azad Qarabağda, azad Şuşada təşkil olunan bu möhtəşəm tədbir dünya azərbaycanlılarının Zəfər ruhu ətrafında birləşdiyini təsdiqlədi. Bu qurultay tarixi Qələbədən sonra keçirilən ilk ümumdünya toplantısı olmaqla, xalqımızın zəfər dolu yolunun və sarsılmaz həmrəyliyinin parlaq təzahürü oldu.
Qudbiddin Qardaşov,
YAP Zaqatala rayon təşkilatının sədr müavini.