AZ

Qazaxda “Birlik və həmrəyliklə yeni ilə doğru” adlı bayram tədbiri keçirilib

Qazax, 29 dekabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Qazax Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Birlik və həmrəyliklə yeni ilə doğru” adlı bayram tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qazax Olimpiya İdman Kompleksində təşkil olunan tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəis əvəzi Səbuhi Xasməmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, könüllülər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər yeni ildə firavanlıq, əmin-amanlıq və qələbələr arzulayıb, qarşıdan gələn yeni ilin dünya azərbaycanlılarının arzu və istəklərinin gerçəkləşdiyi bir il olmasını diləyiblər. Qeyd olunub ki, bu gün qeyd etdiyimiz Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis olunması haqqında qərar qəbul edib. Çox keçmədən Azərbaycan Respublikası Ali Sovetinin milli şurası hər il dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi haqqında Sərəncam verib. Artıq illərdir ki, xalqımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edir.

Həmçinin Qazax rayonunun Azərbaycanın 2026-cı ildə İdman Paytaxtı elan edildiyi, Qazaxıstanın Taras şəhəri ilə qardaşlaşdığı bildirilib. Təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində qazanılmış uğurlardan, nailiyyətlərdən söz açılıb.

Bayram tədbiri konsert proqramı ilə davam etdirilib.

Seçilən
70
50
azertag.az

10Mənbələr