Bu gündən Azərbaycanda bir sıra yeni qanunlara və qanunvericilik aktlarına edilən dəyişikliklər qüvvəyə minir. Bu normativ aktlar, əsasən, sosial təminat, vergi, maliyyə, sosial sığorta və dövlət idarəçiliyi sahələrini əhatə edir.
Publika.az Oxu.Aza istinadən ilin ilk günündə qüvvəyə minən qanunları təqdim edir:
"2026-cı il dövlət büdcəsi haqqında" Qanun. Milli Məclisin 2025-ci il dekabrın 9-da təsdiq etdiyi qanuna əsasən, büdcə gəlirləri 38 milyard 609 milyon manat, xərcləri 41 milyard 703 milyon 600 min manat məbləğində olacaq.
Bundan başqa, Vergi Məcəlləsinə də dəyişiklik edilir ki, bu da üç blokdan ibarət olmaqla ümumilikdə 45 əsas maddə üzrə 145 istiqaməti əhatə edir.
Dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri və vergidən azadolmalar Naxçıvana də şamil ediləcək. Sənədə görə, Naxçıvanın rezidenti dedikdə Muxtar Respublikada və ya mərkəzləşdirilmiş qaydada vergi uçotuna alınan və bilavasitə Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşüləcək.