AZ

Mütəxəssis: D vitamini yetərsizliyi uşaqda sümük deformasiya xəstəliklərinə səbəb ola bilər

Bakı, 9 yanvar, AZƏRTAC

D vitamini çox vaxt “günəş vitamini” kimi tanınır, çünki insan orqanizmi onu əsasən günəş şüalarının təsiri ilə özü sintez edir. Lakin, bu sadə vitamin anlayışından daha artıqdır. D vitamini əslində hormonabənzər bir maddədir və hüceyrə səviyyəsində minlərlə prosesin idarəsində iştirak edir. Bu vitamin yağda həll olunur, qaraciyər və böyrəklərdə aktiv formaya çevrilərək öz funksiyasını yerinə yetirir. Orqanizmdə D vitamininin əsas funksiyası kalsium və fosforun bağırsaqlarda sorulmasını təmin etməkdir. Bu, sümüklərin möhkəmliyini qorumaq və diş strukturunun normal inkişafı üçün vacibdir. Bundan əlavə, D vitamini əzələlərin gücünü, sinir sisteminin işləməsini və immun sisteminin effektiv fəaliyyətini dəstəkləyir. Araşdırmalar göstərir ki, D vitamini çatışmazlığı yalnız fiziki deyil, həm də psixoloji problemlərə səbəb ola bilər. Bunlara depressiya, yuxusuzluq və konsentrasiya pozuntuları daxildir. Beləliklə, D vitamini ümumi həyat keyfiyyəti üçün vacib amildir.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim mama-ginekoloqu Aynurə Qaybalıyeva bildirib.

O qeyd edib ki, hamiləlik zamanı qadın orqanizmi bir sıra ciddi dəyişikliklərə məruz qalır:”Bu dövr yalnız bir insanın yox, iki canlının – ananın və körpənin paralel ehtiyaclarının qarşılanmalı olduğu kompleks bioloji mərhələdir. Bu səbəbdən bəzi vitaminlərə, xüsusilə də D vitamininə tələbat artır. D vitamini körpənin skelet sisteminin inkişafı üçün həyati əhəmiyyət daşıyır. Onun sümüklərinin formalaşması, diş toxumasının yaranması, sinir sisteminin və immun sisteminin sağlam inkişafı bu vitaminin iştirakı ilə baş verir. D vitamini həm də plasentanın normal fəaliyyətinə, körpəyə oksigen və qida maddələrinin düzgün daşınmasına kömək edir. Eyni zamanda, doğuş müddətinin tənzimlənməsində və erkən doğuş riskinin azaldılmasında da mühüm rol oynayır. Əgər hamilə qadının orqanizmində D vitamini səviyyəsi aşağı olarsa, bu həm ana, həm də körpə üçün ciddi sağlamlıq riskləri yarada bilər. Belə ki, bu vitaminin yetərsizliyi uşaqda raxit kimi sümük deformasiya xəstəliklərinə, zəif immun sisteminə və inkişaf geriliklərinə səbəb ola bilər”.

Aynurə Qaybalıyeva deyib ki, D vitamini orqanizmə günəş işığı, qidalar və tibbi əlavələr olmaqla, əsasən, üç yolla daxil olur. “Günəş şüaları vasitəsilə dəri altında sintez olunan D vitamini təbii mənbə sayılır. Dərinin açıqda qalması və gün ərzində təxminən 15-20 dəqiqə günəş altında olmaq bu prosesin baş verməsi üçün kifayət edir. Qidalarla qəbul edilən D vitamini mənbələri arasında som balığı, sardina, yumurta sarısı, balıq yağı, süd və süd məhsulları xüsusilə seçilir. Lakin bu məhsulların gündəlik istehlakı ilə D vitamini tələbatını tam qarşılamamaq mümkündür. Buna görə də xüsusilə hamilə qadınlara həkim məsləhəti ilə damcı, kapsul və ya maye formada D vitamini əlavələri təyin olunur. Bu preparatlar yalnız laborator analizlərdən sonra və həkim təyinatı ilə istifadə edilməlidir. Hamiləlik dövründə bir qadının gündəlik D vitamini ehtiyacı təxminən 600-2000 IU (Beynəlxalq Vahid) arasında dəyişir. Bu rəqəm şəxsin yaşına, dərisinin günəşə məruz qalma səviyyəsinə, bədən çəkisinə, yaşadığı iqlimə və ümumi sağlamlıq vəziyyətinə görə dəyişə bilər. Əgər analizlər nəticəsində D vitamini səviyyəsi aşağı çıxarsa, həkim bu ehtiyaca uyğun dozada preparat təyin edir. D vitamini yağda həll edilən vitamin olduğu üçün yağlı yeməklərlə birlikdə qəbul etmək onun mənimsənilməsini artırır. Lakin diqqətli olmaq lazımdır. Özbaşına, nəzarətsiz qəbul edilən yüksək doza sağlamlıq üçün təhlükə yarada bilər”,- deyə o vurğulayıb.

 

Seçilən
95
6
azertag.az

7Mənbələr