AZ

Bolluq dövrünün ironiyası - insanlar çox yeməkdən ölür

Ürək-damar xəstəlikləri hazırda həm dünyada, həm də Azərbaycanda ən ciddi sağlamlıq problemlərindən biri olaraq qalır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bu xəstəliklər qlobal miqyasda ölüm səbəbləri arasında birinci yerdədir. Hər il dünyada təxminən 20 milyona yaxın insan ürək-damar xəstəlikləri səbəbindən həyatını itirir və bu, ümumi ölüm hallarının təxminən üçdə birini təşkil edir. Bu ölümlərin böyük hissəsi infarkt və insult kimi kəskin hallar nəticəsində baş verir. Xüsusilə aşağı və orta gəlirli ölkələrdə risk faktorlarının geniş yayılması bu göstəricilərin yüksək qalmasına səbəb olur.

Azərbaycanda da vəziyyət oxşardır. Rəsmi və beynəlxalq statistik məlumatlara əsasən, ölkədə qeydə alınan ölüm hallarının yarıdan çoxu, bəzi illərdə isə təxminən 60 faizi məhz ürək-damar xəstəliklərinin payına düşür. Hipertoniya, ürəyin işemik xəstəliyi, infarkt və insult ən çox rast gəlinən səbəblər sırasındadır.

Həkim Mərdan Əliyev Day.Az-a açıqlamasında bildirib ki, bu göstəricilərin yüksək olmasında sağlam olmayan qidalanma, piylənmə, hərəkətsizlik, stress və zərərli vərdişlər mühüm rol oynayır.

"Ümumiyyətlə, ürək-damar xəstəlikləri həyat tərzi ilə çox sıx əlaqəlidir. Elə xəstəliklər var ki, onların yaranmasında həyat tərzinin rolu böyük deyil, amma ürək-damar xəstəliklərinin təxminən 70-80 faizi məhz sağlam olmayan həyat tərzi ilə bağlıdır. Sağlam həyat tərzi sürən, zərərli vərdişlərdən uzaq olan insanlarda bu xəstəliklərin yaranma ehtimalı xeyli azalır.

Təbii ki, digər xəstəliklərdə olduğu kimi burada da genetik faktorların təsiri var. Amma həyat tərzi bu xəstəliklərdə son dərəcə önəmli rol oynayır."

Bəs həyat tərzi dəyişiklikləri nədir və bu xəstəliklərin artmasının əsas səbəbi nədən ibarətdir?

Həkim bildirir ki, son illərdə əsas səbəblərdən biri insanların kökəlməyə meyilli olmasıdır.

"Keçmişdə, müxtəlif dövrlərdə aclıq yaşanıb - istər Sovet dövründə, istər Çində, istərsə də Avropada. İnsanlar acından ölürdü və buna görə də arıq insanlara zəif, xəstə kimi baxılırdı. Düşünülürdü ki, onlar normal qidalana bilmir, vitamin və protein çatışmazlığından əziyyət çəkirlər və buna görə xəstələnib ölürlər. Amma bu gün vəziyyət tam əksinədir. İndi daha çox kök insanlar ölür. Bolluğun artması nəticəsində, şükürlər olsun ki, bizim ölkədə və dünyanın əksər hissələrində (aclıq olan bəzi Afrika ölkələri istisna olmaqla) insanlar acından ölmür. Lakin indi insanlar çox yeməkdən həyatlarını itirirlər. Bunun əsas səbəbi piylənmənin çox ciddi problemə çevrilməsidir. Piylənmə ürək-damar xəstəliklərinin, hipertoniya və təzyiq xəstəliklərinin əsas səbəblərindən biridir. Hipertoniya isə öz növbəsində ürək-damar xəstəliklərinin yaranmasına gətirib çıxarır."

Elvin Səxavətoğlu
Day.Az

Seçilən
125
26
day.az

10Mənbələr