AZ

İctimai iaşə müəssisələrində vəhşi heyvanların və quşların qanunsuz saxlanılması hallarının qarşısı alınıb 

AQTA tərəfindən İDEA İctimai Birliyi ilə birgə aparılan tədbirlər zamanı ictimai iaşə müəssisələrində vəhşi heyvanların və quşların qanunsuz saxlanılması və nümayiş etdirilməsi faktları aşkarlanıb. Qeyd edilməlidir ki, bu kimi pozuntular vətəndaşların zoonoz xəstəliklərinə yoluxması riskləri yaradır. 

Bununla əlaqədar, fürsətdən istifadə edərək bir daha xatırladırıq ki, ictimai iaşə obyektlərində bu tip hallarla rastlaşıldıqda dərhal Agentliyin qaynar xəttinə məlumat verilməsi olduqca vacibdir.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2025-ci ildə fəaliyyətinə həsr olunmuş brifinqdə Agentliyin sədr müavini Əziz Şərifov deyib.

Əziz Şərifov onu  da qeyd edib ki, aparılan yoxlamalar zamanı mal əti adı ilə satışa təqdim olunan məhsullardan götürülmüş nümunələrdə bir sıra hallarda at və camış ətinə məxsus DNT-nin mövcudluğu aşkar edilib. İstehlakçıları aldatmaq məqsədilə “kənd toyuğu” görüntüsü yaratmaq üçün sintetik boyaq maddələrindən istifadə edilərək toyuqların süni şəkildə sarı rəngə boyanması faktlarının qarşısı alınıb.

Eyni zamanda, bəzi məhsullarda dadlandırıcı maddələrin normadan artıq istifadəsi halları müəyyən edilərək müvafiq tədbirlər görülüb. Bundan başqa, ov ətlərindən qanunsuz istifadə faktlarına da rast gəlinib. Hətta 7 obyektdə “Qırmızı kitab”a daxil edilmiş oxlu kirpi və turac ətlərinin satışa və ya istifadəyə cəlb edilməsi aşkarlanıb, qanunvericiliyə uyğun tədbirlər həyata keçirilib.

Seçilən
82
12
ikisahil.az

10Mənbələr